ELM VƏ TƏHSİL


BDU-nun magistr məzunları universitet haqqında təəssüratlarını bölüşüblər

Bakı, 10 avqust, AZƏRTAC

Bu il Bakı Dövlət Universitetindən (BDU) 5 minədək tələbə məzun olub. Təhsildə yüksək nəticələr əldə edərək BDU məzunu adını qazanan magistrlərdən bir neçəsi təəssüratlarını bildirib.

AZƏRTAC BDU-ya istinadla məzunların təəssüratlarını təqdim edir.

Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin məzunu Jalə Xəlilova: “BDU-nun 2022-ci il məzunuyam. 2016-cı ildə BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin kompüter elmləri ixtisası üzrə təhsil almışam. 2020-ci ildə bakalavr təhsilimi bitirmişəm. Universitetdə dərslərin yüksək səviyyədə keçirilməsi, müəllimlərin tələbələrdə dərsə böyük maraq yaratması, təsadüfi deyil ki, magistr təhsilimi də məhz BDU-da almağa məni sövq etdi. 2020-ci ildə Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin riyaziyyat ixtisasının diskret sistemlər ixtisaslaşmasına qəbul oldum. Müəllimlərimizin böyük həvəslə tədris etdiyi fənləri çox həvəslə öyrəndim. Dönüb arxada qoyduğum altı ilə baxdığım zaman universitet həyatımın hər anını doya-doya yaşadığımın fərqinə varıram. BDU-ya qəbul olmaq mənim uşaqlıq arzum idi. Azərbaycanın ilk ali təhsil ocağının məzunu olmaq çox özəl bir hissdir, yaxşı ki, mən də BDU-nun məzunuyam.

BDU-nu fərqlənmə diplomu ilə bitirmək çox qürurvericidir. Universitetdə təhsil aldığımız müddətdə çalışmağın önəmini daha yaxşı dərk etdik, oxuduq, öyrəndik, imtahanları uğurla başa vurduqda sevincdən yerə-göyə sığmadıq. Ən əsası isə ümummilli lider Heydər Əliyevin təhsil aldığı universitetdə oxumaq mənim üçün böyük bir şərəfdir. BDU-da 6 illik təhsil həyatımda öyrəndiklərimin gələcəkdə mənə uğurlar və nailiyyətlər qazandıracağına əminəm”.

Tarix fakültəsinin məzunu Suqra Orucova: “Azərbaycanın nüfuzlu ali təhsil ocağı olan BDU-da tələbə olduğum üçün qürur duyuram. Mən həm bakalavr, həm də magistr təhsilimi bu universitetdə almışam. Təhsil aldığım müddətdə BDU mənə bir çox uğur qazandırdı. Azərbaycanın bir çox görkəmli alimlərindən dərs almışam. BDU mənim dünyagörüşümün formalaşmasında böyük rol oynadı. Bütün müəllimlərimə və tələbə yoldaşlarıma göstərdikləri dəstəyə görə təşəkkür edirəm”.

Şərqşünaslıq fakültəsinin məzunu Jalə Səmədova: “BDU-nun Şərqşünaslıq fakültəsinin məzunu olmaq mənim üçün çox qürurvericidir. Bakalavr pilləsini bitirdikdən sonra elə həmin il magistratura təhsilimi davam etdirdim. Təhsilim zamanı ictimai, sosial sahədə də fəallıq göstərdim. Düşünürəm ki, qazandığımız biliklər, yeni dostlar, yeni sosial sfera, təcrübələr gələcək karyeramızın formalaşmasında böyük rol oynayacaq. Əziz BDU ailəsinə minnətdarlığımı bildirirəm”.

Hüquq fakültəsinin məzunu Adil Əliyev: “Ölkəmizin ən böyük ali təhsil ocağı olan BDU-nun məzunu olmaqdan böyük fəxarət hissi duyuram. BDU-da təhsil aldığım illər həyatımın ən unudulmaz, maraqlı və macəralı illəridir. Hər bir tələbə bu illərin mənasını zaman keçdikcə daha yaxşı anlayır. Universitetdə təhsil aldığım dövrdə geniş könüllülük fəaliyyətimin mənə çox faydası olacağına inanıram.

Mən Hüquq fakültəsinin 2016-cı ildə bakalavr, 2022-ci ildə isə magistr pilləsini fərqlənmə diplomları ilə bitirmişəm”.

Jurnalistika fakültəsinin məzunu Kənan Novruzov: “BDU-da aldığım təhsilin, tələbəlik illərimin həyatımda xüsusi yeri var. Bakalavr təhsil pilləsindən məzun olanda universitetimizin 100, fakültəmizin 50 yaşı var idi. Həmin vaxt bu yubileylərlə bağlı “Elə bir ailədənəm ki...”adlı kitab hazırladım. Kitabda BDU-ya, fakültəmizə ikinci dəfə qovuşacağım barədə söz vermişdim. Şükür, vədimi yerinə yetirə bildim və doğma universitetdə magistratura təhsili də ala bildim. Müəllimlərimə minnətdaram. Həmişə onların etimadlarını doğrultmağa çalışacağam”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.