ELM VƏ TƏHSİL


BDU-nun magistrantları: Ötən semestr əldə edilən təcrübə öz bəhrəsini verir

Bakı, 23 yanvar, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) pandemiya dövründə tədrisin, imtahan sessiyasının təşkili istiqamətində uğurlu addımlar atılıb. Magistratura səviyyəsində bütün ixtisaslaşmalarda imtahanlar universitet tərəfindən qəbul edilən qaydalara müvafiq olaraq onlayn qaydada şifahi formada həyata keçirilir.

AZƏRTAC BDU-nun ictimaiyyətlə əlaqələr və informasiya şöbəsinə istinadla magistrantların imtahan sessiyası ilə bağlı fikirlərini təqdim edir.

Filologiya fakültəsinin Azərbaycan dili ixtisası üzrə II kurs magistrantı Ülviyyə İbrahimova: “Artıq iki həftədir ki, doğma universitetdə payız imtahan sessiyası davam edir. Keçən semestrdə əldə olunan təcrübə bu imtahan sessiyasını da uğurla başa vurmağa kömək edəcək. Semestr ərzində fakültə rəhbərliyi bütün məsələləri tələbələrə aydın şəkildə izah etdiyi üçün imtahanlarda demək olar ki, problemlə üzləşmirik. Qiymətləndirməyə gəldikdə isə müəllimlərimiz ədalətli və humanist davranırlar”.

Kimya fakültəsinin üzvi kimya ixtisası üzrə 2-ci kurs magistrantı İlkin Süleymanov: “İmtahanlar tam obyektiv və ədalətli şəkildə keçirilir. Bu sessiyada bir neçə fəndən imtahan vermişik. Müəllimlər həm semestr ərzində, həm də imtahan sessiyasında tələbələrə tam dəstək olurlar. İxtisas qrupu üzrə hamımız maksimum nəticə göstərdik”.

Hüquq fakültəsinin transmilli cinayət hüquq ixtisası üzrə II kurs magistrantı Nihad Qəyayev: “Artıq II semestrdir ki, biz imtahanlarımızı onlayn qaydada keçirik. Ümumilikdə imtahanlar tam şəffaf və daha yeni biliklər öyrənməyə şərait yaradan halda keçir. Bu semestrdə pandemiyanı nəzərə alaraq universitetimizin rəhbərliyi tərəfindən tələbələrə bir çox güzəştlər tətbiq edilib. Tələbələr imtahandan öncə imtahan suallarını əhatə edən mühazirə mətnləri ilə təmin edilib, semestr ərzində keçirilmiş mövzular üzrə müəllimlər tərəfindən tələbələrin sualları cavablandırılan konsultasiyalar təşkil edilib. İmtahan zamanı tələbələrə fikirlərini dəqiq ifadə etmək üçün müəllimlər tərəfindən şərait yaradılır. İmtahan zamanı neqativ hallar müşahidə etmirik”.

Fizika fakültəsinin I kurs magistrantı Jalə Şükürova: “İştirak etdiyim onlayn imtahanlarda xoşagəlməz halla qarşılaşmamışam. İmtahan prosesində bileti çəkdikdən sonra müəyyən qədər təkrarlamağa vaxt verilir, müəllim tələbələrin fikrini bölmür, öz suallarını sonda verir, qiymətləndirmə obyektiv aparılır. Fikrimcə, onlayn imtahanların müsbət xüsusiyyətləri çoxdur. Bu zaman fikirlərimizi şifahi nitq vasitəsilə ifadə edirik və bu da şifahi nitqimizin inkişafına da müsbət təsir göstərir. Yəni bir tərəfdən ixtisasımız üzrə bilikləri əldə edir, digər tərəfdən nitqimizi inkişaf etdiririk. Ən müsbət cəhəti isə imtahan bitdiyi anda ballarımızı bilməyimizdir. İmtahan prosesindən əlavə də universitetimizin rəhbərliyi tərəfindən bir çox güzəştlər edilib. İmtahan suallarının müəyyən qədər azaldılması, 20 bal verilməsi tələbəyönümlü qərarlardandır. Bunun üçün də BDU-nun rəhbərliyinə və kollektivinə minnətdarlığımı bildirirəm".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.