ELM VƏ TƏHSİL


BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunları üçün “Son zəng” çalınıb

Bakı, 14 iyun, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyində son zəng tədbiri keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə Elm və innovasiyalar üzrə prorektor Hüseyn Məmmədov məzunları və onların valideynlərini təbrik edib. Liseyin fəaliyyətindən söz açan prorektor bu illər ərzində qazanılan nailiyyətlərdən danışıb, lisey şagirdlərinin respublika və beynəlxalq olimpiadalarda, müxtəlif intellekt, bilik və idman yarışlarında qazandıqları uğurlara toxunub. Prorektor Hüseyn Məmmədov gənc nəsildə təhsilə, elmə marağın daha da artırılması və geniş dünyagörüşünün formalaşdırılmasının ən əsas məsələlərdən olduğunu bildirib.

Sonra çıxış edən liseyin direktoru Arif Bağırov bildirib ki, 2020-2021-ci tədris ilində təhsil müəssisəsini 50 məzun bitirir. Onlardan 12 nəfəri medala, 9 nəfəri isə fərqlənmə attestatına namizəddir. “Sabahın alimləri” müsabiqəsində şagirdlərin 3 layihəsi I , 5 layihə II, 3 layihə III, 1 layihə isə xüsusi mükafata layiq görülüb. XI sinif şagirdi Xanlar Abbasov Con Fon Neyman adına Macarıstan beynəlxalq riyaziyyat olimpiadasında həvəsləndirici mükafata, respublika fənn olimpiadasında isə informatika fənni üzrə bürünc medala layiq görülüb.

Liseyin direktor müavini Məleykə Bayramova və valideynlər adından çıxış edən Ramiz Əliquliyev şagirdlərin müsabiqələrdə, respublika və beynəlxalq olimpiadalarda qazandığı uğurlardan söz açaraq onları təbrik edib, məzunları doğma Bakı Dövlət Universitetinin auditoriyalarında görmək arzularını dilə gətiriblər.

Mərasim məzunların ifasında ədəbi-bədii kompozisiya ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.