ELM VƏ TƏHSİL


BDU-nun professoru: Azərbaycan dövləti və xalqı şəhidlərinin xatirəsini daim uca tutur

Bakı, 25 sentyabr, AZƏRTAC

2020-ci il sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı növbəti hərbi təxribatına cavab olaraq, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın azad edilməsi uğrunda Vətən müharibəsi başlandı. Azərbaycan Ordusu həyata keçirdiyi “Dəmir yumruq” əməliyyatının ilk günlərində düşmənə sarsıdıcı zərbə vurdu. Vüqarla, qürurla “Vətən!” deyib şirin canlarından keçən oğullarımızın cəsarəti, Vətən sevgisi, yenilməz döyüş ruhu sayəsində, ordumuz işğalçı Ermənistanın 30 ilə yaxın müddətdə qurduğu istehkamları 44 gündə darmadağın etdi. Əsgər, gizir və zabitlərimiz düşmənə döyüş üstünlüyü verən mürəkkəb coğrafi şəraitdə misilsiz şücaət göstərərək öz şərəfli missiyasını yerinə yetirdi və öz doğma torpaqlarını işğalçılardan azad etdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında tarixçi alim, professor İbrahim Zeynalov söyləyib. Professor bildirib ki, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları, eyni zamanda, Suqovuşan, Hadrut qəsəbəsi, Xocalı rayonunun bir hissəsi, Kəlbəcər rayonunun bir hissəsi, Murovdağ silsiləsi, Laçın rayonunun cənub hissəsi, strateji yüksəkliklər düşmənin məhz döyüş meydanında məğlub edilməsi nəticəsində azad olundu, həmin ərazilərdə Azərbaycan bayrağı qaldırıldı. Şuşanın azad edilməsindən sonra Ermənistan məğlubiyyəti qəbul etməyə məcbur oldu. Noyabrın 10-da üçtərəfli Bəyanat imzalandı. Prezident İlham Əliyev noyabrın 10-da xalqa müraciətində deyib: “Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli Bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır. Bu bəyanatı Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri imzalamışlar”.

“44 gün davam edən müharibədə rəşadət və hünər göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirdi. 30 ilə yaxın düşmən tapdağı altında qalan torpaqlarımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən azad olundu. Vətən torpağı qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına düşməndən xilas oldu. Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin xatirəsinə ehtiram göstərir. Prezident İlham Əliyev hər il sentyabrın 27-nin Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi haqqında müvafiq Sərəncam imzalayıb. Ölkə rəhbəri, həmçinin “Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında” 2020-ci il dekabrın 3-də Sərəncam imzalayıb. Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması uğrunda başlanan Vətən müharibəsində iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, hərbi qulluqçularının təltif edilməsi üçün orden və medallar təsis edilib.

Bundan əlavə, xarıbülbül gülünün formasında olan rəmzi nişan - simvol torpaqlarımızın azadlığı uğrunda başlanan Vətən müharibəsi zamanı canlarından keçərək şəhid olan əsgərlərimizin əziz xatirəsinin rəmzi olaraq qəbul edilib. Bu nişan, həmçinin Azərbaycan Ordusunun Zəfər simvolu kimi də tanınır.

Azərbaycan xalqının bu şanlı, parlaq Qələbəsi ilə bağlı çoxlu kitablar, tədqiqat əsərləri, məqalələr və s. yazılacaq. İllər keçdikcə Azərbaycanımızın bu tarixi Zəfərinə, qalibiyyətli qəhrəmanlıq tarixinə müraciət ediləcək, xalqımızın bu qəhrəmanlıq salnaməsi, haqq-ədalət uğrunda mübarizəsi bütün dünyada nümunə kimi yazılara, kitablara köçürüləcək, örnək kimi göstəriləcək. Bu tarixi Qələbə həm də alimlər, publisistlər, jurnalistlər, siyasətçilər tərəfindən öyrəniləcək. Belə ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini və adını uca tutmaq, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək bizim hər birimizin vətəndaşlıq borcumuz və ən əsas vəzifəmizdir”,- deyə tarixçi-alim fikrini yekunlaşdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.