ELM VƏ TƏHSİL
BDU-nun professoru: Şanlı Qələbəmizi şərtləndirən amillər - qətiyyətli lider, güclü dövlət, güclü ordu, güclü iqtisadiyyat
Bakı, 25 iyun, AZƏRTAC
Xalqın tələbi ilə 1993-cü ildə yenidən Azərbaycanda siyasi hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev dövlətçiliyi qoruyub saxlamaq və möhkəmləndirmək üçün milli ordu yaradılması məsələsini önə çəkdi. Çünki güclü ordu dövlətçiliyin və müstəqilliyin əsas sütunlarından biridir. Ulu Öndər, həmçinin hakimiyyətə gəldiyi ilk gündən cəbhədə atəşkəsə nail olmaq məsələsini həll etməyə çalışdı.
Bunu AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin professoru, tarixçi-alim İbrahim Zeynalov söyləyib. Professor bildirib ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra məhz onun rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşdırıldı. 1993-cü il noyabrın 1-də Azərbaycan Respublikasının Müdafiə Şurası yaradıldı.
Dahi rəhbər Heydər Əliyev orduda mərkəzləşdirilmiş idarəetmə, vahid komandanlıq prinsiplərinə əsaslanaraq deyirdi: “...Hamı bir mərkəzdə - Müdafiə Nazirliyində ordumuzda cəmlənməlidir. Kim orduda qulluq etmək istəyirsə, gəlib qulluq etsin”. Ümummilli Liderin bu çağırışı ilə milli ordunun yaradılmasının ilkin mərhələsi başlandı. Azərbaycan əsgəri öz daxilində bir qüvvə tapdı. Formalaşmağa başlayan ordumuz tezliklə Füzuli, Tərtər və Ağdam cəbhələrində misilsiz qəhrəmanlıqlar göstərdi. Düşmən tərəfindən işğal edilmiş bir sıra kəndlərimizi, o cümlədən Horadiz qəsəbəsini erməni faşistlərindən azad etdi. Beləliklə, ulu öndər Heydər Əliyevin rəhbərliyi və qayğısı sayəsində Azərbaycanın yüksək döyüş qabiliyyətli, çevik, müasir ordu prinsiplərinə cavab verə bilən ordusu yaradılmağa başlandı. Ümummilli Liderin 1998-ci il mayın 22-də imzaladığı müvafiq Fərmana əsasən, hər il ölkəmizdə 26 iyun - Silahlı Qüvvələr Günü qeyd edilir.
Tarixçi-alim bildirib ki, bu gün ölkəmizdə hərbi quruculuq yüksələn xətlə inkişaf edir. Bunun ən başlıca səbəbi isə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hakimiyyətə gəldiyi ilk gündən Ulu Öndərin həyata keçirdiyi strateji əhəmiyyətli tədbirləri və ənənələri uğurla davam etdirməsi, o cümlədən, ordu quruculuğu işini prioritet elan etməsi ilə bağlıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə güclü dövlət quruculuğu strategiyasının böyük uğurla reallaşdırılması, güclü iqtisadi potensialın və böyük həcmdə maliyyə imkanlarının yaradılması müasir ordu quruculuğu və hərbi məsələlərin yüksək səviyyədə həll edilməsinə imkan yaratdı. Bütün bunların nəticəsidir ki, Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordusu sırasına daxil oldu. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin böyük uğurla davam etdirdiyi siyasi, iqtisadi xəttin nəticəsi olaraq güclü Azərbaycan dövlətinin müasir döyüş qabiliyyətli ordusunun yaradılması bu gün, xüsusilə 44 günlük şanlı Qələbədən sonra dünyanın etiraf etdiyi reallıqdır. Beləliklə, ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun davamı, eyni zamanda, bu siyasətdə dövrün çağırışlarının nəzərə alınması Azərbaycanı inkişaf etmiş güclü dövlətə çevirib.
“Bu gün Azərbaycan Ordusunun malik olduğu silah və texnikanın 80 faizindən çoxu yenilənib, ordumuz, həmçinin yüksək biliyə yiyələnmiş kadrlarla təmin olunub. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli, yenilməz ordumuzun erməni işğalçıları üzərində qazandığı Zəfər xalqımızın çoxəsrlik tarixinin ən böyük hadisəsidir.
Ölkəmizə rəhbərlik etdiyi dövrdən Prezident İlham Əliyev Azərbaycan Respublikasında iqtisadi cəhətdən bütün sahələrdə şaxələnmiş böyük inkişafa nail olmağı təmin edib. Dövlətin müdafiə qüdrətinin artırılması istiqamətində ardıcıl həyata keçirdiyi məqsədyönlü siyasət böyük Qələbəyə aparan yolun ən mühüm hadisələrindəndir. Ordu quruculuğu sahəsində həyata keçirilmiş böyük islahatlar, şəxsi heyət arasında azərbaycançılıq ideologiyasının, hərbi vətənpərvərlik tərbiyəsinin qüvvətləndirilməsi, ordumuzun ən müasir hərbi texnika ilə silahlandırılması, yüksəkixtisaslı, peşəkar zabit korpusunun formalaşdırılması Azərbaycana regionda ən güclü orduya sahib olmaq imkanı qazandırıb. Həmçinin Azərbaycanın beynəlxalq nüfuzunun artırılması, planetimizdə etibarlı müttəfiqlərin və tərəfdarların qazanılması Qələbəyə doğru gedən yolun əhəmiyyətli hadisəsidir. Beynəlxalq təşkilatlar və region dövlətləri arasında ölkəmizin qazandığı böyük etimad da şanlı Zəfərin əldə edilməsinin faktorlarından biridir.
Təməli böyük uzaqgörənliklə ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş “Bir millət - iki dövlət” düsturu əsasında möhkəmləndirilmiş Azərbaycan-Türkiyə birliyi isə Vətən müharibəsindəki Qələbənin ən mühüm amillərindəndir. Həmçinin xalq-iqtidar birliyi böyük Zəfərə təminat verib. Çoxmilyonlu Azərbaycan xalqının lideri kimi İlham Əliyevin möhkəm siyasi iradəsi, sərkərdəlik məharəti, diplomatik bacarıqları, dərin analitik təfəkkürə, xarici dillərdə sərbəst nitq mədəniyyətinə malik olması faktorları istənilən məqamda, xüsusən Vətən müharibəsi dövründə xalqımıza böyük uğur qazandırıb. Prezident İlham Əliyevin Vətən müharibəsi dövründə və tarixi Zəfərdən sonra Azərbaycan xalqına etdiyi müraciətlərdə, dünyanın müxtəlif ölkələrinin otuza yaxın aparıcı xəbər agentliklərinə Azərbaycan, türk, rus və ingilis dillərində verdiyi müsahibələrdə ifadə olunan aydın məntiq, sərrast cavablar, xalqımıza, ordumuza sarsılmaz inam müharibənin taleyində xüsusi rol oynayıb. Qətiyyətlə demək olar ki, Prezident İlham Əliyevin Vətən müharibəsi dövründə apardığı siyasi-ideoloji mübarizə döyüşən orduda da qələbəyə xidmət edib. Beləliklə, 44 günlük Vətən müharibəsində Azərbaycan təkcə döyüş meydanında deyil, həm də diplomatiya sahəsində qalib gəldi. Bu şanlı Qələbə Prezident İlham Əliyevin diplomatiyasının ən böyük uğurudur.
Əminik ki, illər sonra da xalqımızın bu parlaq Qələbəsi, rəşadətli Azərbaycan Ordusu haqqında çoxlu kitablar, tədqiqat əsərləri, məqalələr yazılacaq. Bu tarixi zəfər alimlər, publisistlər, jurnalistlər, siyasətçilər tərəfindən öyrəniləcək, şanlı Qələbəmizi şərtləndirən amillər və onun səbəbləri ciddi tədqiqat əsərlərinin yazılmasına səbəb olacaq”, - deyə İbrahim Zeynalov fikrini yekunlaşdırıb.