ELM VƏ TƏHSİL


BDU-nun professoru: Vətən müharibəsi bizə zəfər sevincini bəxş etməklə yanaşı, Azərbaycanın qəhrəman oğullarını dünyaya tanıtdı

Bakı, 6 oktyabr, AZƏRTAC

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan vətəndaşlarının torpaq-yurd həsrətinə son qoyuldu.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin professoru, tarixçi-alim İbrahim Zeynalov söyləyib. O bildirib ki, ölkəmizin şanlı qələbə qazanmasının təməlində Prezident İlham Əliyevin 17 ildə həyata keçirdiyi uzaqgörən, düşünülmüş, müstəqil siyasəti dayanır. Dövlətimizin başçısının müvafiq fərman və sərəncamları, həyata keçirilən müxtəlif dövlət proqramları nəticəsində bu illər ərzində respublikamızın iqtisadiyyatı güclənib, ordu quruculuğu sahəsində mühüm addımlar atılıb, müdafiə sənayesi inkişaf edib, Azərbaycan Ordusu müasir silah və hərbi texnika ilə təchiz olunmaqla dünyanın ən güclü 50 ordusundan birinə çevrilib. Ordumuz Vətən müharibəsində misilsiz qəhrəmanlıqlar göstərərək gücünü dünyaya nümayiş etdirdi. Belə ki, Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib.

2020-ci il sentyabrın 27-dən başlanan və tariximizə Vətən müharibəsi kimi daxil olan İkinci Qarabağ müharibəsi noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin birgə imzaladıqları Bəyanatla başa çatdı. Bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonu Azərbaycana təhvil verildi. Bununla da rayonun işğal edilmiş 73 faiz ərazisi, o cümlədən Ağdam şəhəri işğaldan azad olundu. Həmçinin bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın Azərbaycana təhvil verildi. Bununla da üçtərəfli Bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşıb.

“44 günlük Vətən müharibəsi xalqımıza zəfər sevincini bəxş etməklə yanaşı, Azərbaycanın qəhrəman oğullarını da bir daha öz xalqına və dünyaya tanıtdı. Xalqımız 30 ilə yaxın davam edən amansız erməni işğalına qarşı yumruq kimi birləşdi, mərd oğullarımız Vətənin müdafiəsinə qalxdılar. Neçə-neçə igid oğullar Vətən uğrunda haqq savaşının iştirakçısı, şəhid və ya qazi oldular. Şanlı qələbə ilə nəticələnən bu müharibə xalqımızın torpağa necə bağlı olduğunu, Vətən üçün gözünü qırpmadan canından keçməyə hazır olduğunu bir daha nümayiş etdirdi.

Prezident İlham Əliyev 2020-ci il dekabrın 3-də Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə “Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında” Sərəncam imzalayıb. Həmçinin “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı, “Zəfər” və “Qarabağ” ordenləri, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və digər medallar təsis edildi. Döyüşlərdə iştirak etmiş minlərlə hərbçi, eləcə də şəhid olmuş oğullarımız dövlət başçısının müvafiq sərəncamlarına əsasən müxtəlif orden, medal və fəxri adlara layiq görülüb”, - deyə tarixçi-alim fikrini yekunlaşdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.