ELM VƏ TƏHSİL
BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar
Bakı, 7 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) tələbə və əməkdaşlarının təqdim etdiyi 4 layihə Azərbaycan Respublikası Gənclər Fondunun “İdeyanı reallaşdır 2022” gənclərin fərdi layihələri üzrə qrant müsabiqəsində qalib olub.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi (TETYM) tərəfindən təqdim edilmiş iki layihə müsabiqənin “İnnovativ gənclik” qrantı üzrə “Böyük qayıdış innovasiyaları” və “Dördüncü Sənaye İnqilabı təşəbbüsləri” mövzularında qrant əldə edib. Təqdim edilmiş layihələr “Qarabağın “ağıllı kənd” konsepsiyası əsasında qurulmasında “yaşıl” və “aqrar” texnologiyaların tətbiqi” mövzusuna aid olub. Yaxın zamanda TETYM-də hər iki layihənin prototipinin hazırlanmasına başlanılacaq. Prototiplərin hazırlanmasında fizika və kimya fakültələrinin tələbələri iştirak edəcəklər. Hazırlanacaq prototiplərin Qarabağın “ağıllı kənd” konsepsiyası əsasında qurulan müxtəlif bölgələrində tətbiq edilməsi nəzərdə tutulur.
BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının əməkdaşı Orxan Güləhmədov tərəfindən təqdim edilmiş “İnnovativ gənc mühəndislər – tərsinə mühəndislik biliklərinin gənclərə aşılanması” adlı layihə müsabiqənin “İnnovativ gənclik” kateqoriyası üzrə qalib olub. Layihənin əsas məqsədi gənclərin elmi-texniki, praktiki bacarıqlarını və ümumilikdə intellektual səviyyəsini inkişaf etdirmək, dövlət gənclər siyasətinin reallaşdırılmasına dəstək olmaq, gənclərdə yaradıcılıq işlərinə marağı artırmaq və onların asudə vaxtlarını səmərəli keçirməsini təşkil etməkdir.
Coğrafiya fakültəsinin I kurs magistrantı Kəmalə Məmmədova tərəfindən təqdim edilmiş “BrainStorm” adlı layihə isə müsabiqənin “Gəncdən gəncə” kateqoriyası üzrə qalib olub. Layihə həvəskar gənclər üçün şahmat, debat və STEAM üzrə 3 günlük intellektual gecənin keçirilməsindən ibarətdir.