ELM VƏ TƏHSİL
BDU-nun tələbələri Avropa Gənclər Parlamentinin 83-cü beynəlxalq sessiyasında iştirak edirlər
Bakı, 10 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) tarix fakültəsinin tələbələri Gülcənnət Hüseynli və Emil Həsənzadə Avropa Gənclər Parlamentinin İsveçrənin Laax şəhərində keçirilən 83-cü beynəlxalq sessiyasında iştirak edirlər.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, G.Hüseynli tədbirin “Commitee on Foreign Affairs (AFET)” bölməsinə, E.Həsənzadə isə “Committee on Fisheries (PECH)” bölməsinə qatılıblar.
Layihənin məqsədi müxtəlif kateqoriyalardan olan avropalı gəncləri bir araya toplamaq, fikir mübadiləsi aparmaqdır.
Qeyd edək ki, Avropa Gənclər Parlamenti Avropanın 41 ölkəsində olmaqla hər il 550-dən çox regional, beynəlxalq və yerli tədbirlər vasitəsilə 40 mindən çox gənci əhatə edir. Avropa Gənclər Parlamentinin məqsədi aktual problemlərlə bağlı məsələlərə diqqəti artırmaq, mədəniyyətlərarası dialoq, beynəlxalq anlaşma, həmçinin Avropa gənclərinin şəxsi bacarıqlarının inkişafına və fikirlərini sərbəst ifadə etmək üçün forumların təşkilinə kömək göstərməkdir.