ELM VƏ TƏHSİL
BDU-nun tələbələri “Geoid” MMC-də istehsalat təcrübəsində
Bakı, 3 mart, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Yerquruluşu, torpaq və şəhər kadastrı ixtisası üzrə təhsil alan IV kurs tələbələri “Geoid” MMC-də istehsalat təcrübəsi keçirlər.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, fakültənin “Geoid” MMC ilə əməkdaşlığı 4 ildir davam edir. “Geoid” MMC müvafiq icazə və lisenziyalarla geodeziya, topoqrafiya və kartoqrafiya fəaliyyəti həyata keçirir. Yerquruluşu, torpaq və şəhər kadastrı ixtisası üzrə təhsil alan tələbələrin həmin qurumda istehsalatla yaxından tanış olmaları onların praktiki biliklərinin artırılmasında müstəsna rol oynayır.
Təcrübənin əvvəlində tələbələr qeydiyyat işləri, texniki təhlükəsizlik qaydaları və müəssisənin struktur bölmələri ilə tanış olublar. Tələbələrə istifadə olunan avadanlıqlar göstərilib, onların iş prinsipləri izah edilib. Sonra müəssisə yaxınlığındakı park sahəsində çöl ölçmə işlərinə start verilib. Tələbələr çöl şəraitində sərbəst işləmək uçun nivelir, taxeometr, GNSS qəbuledicilərlə təmin olunublar. Gənc ekoloqlar kameral şəraitdə kompüter proqramları vasitəsilə ərazidə görülən işləri emal ediblər.