ELM VƏ TƏHSİL


BDU-nun tələbələri IX Azərbaycan Koreya dili nitq müsabiqəsinin qalibi olublar

Bakı, 6 aprel, AZƏRTAC 

Bakı Dövlət Universitetində (BDU) IX Azərbaycan Koreya dili nitq müsabiqəsi keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən rektor Elçin Babayev və Koreya Respublikasının ölkəmizdəki səfiri Kim Tonq Op müsabiqə iştirakçılarına uğurlar arzulayıblar.

Elçin Babayev dünyanın 20 nəhəng ölkəsindən biri olan Koreya ilə Azərbaycanın tarixi köklərinin kəsişməsindən danışıb, ölkələrarası münasibətlərin yüksək səviyyədə olmasında bu amilin böyük rol oynadığını bildirib. Rektor Koreya universitetləri ilə əməkdaşlıq məsələlərindən danışıb, bu istiqamətdə yeni ideyaların yaxın zamanlarda reallaşacağından bəhs edib.

Kim Tonq Op müsabiqənin Koreya dilinin inkişafında böyük önəmindən danışıb. Bildirib ki, bir ölkəyə sevgi və maraq onun tarixi və ədəbiyyatının çox oxunması ilə nəticələnir. Bu baxımdan müsabiqə həm də Koreya dilində məlumatları ifadə edir.

Səfir birinci mərhələdən keçən və müsabiqədə iştirak hüququ qazanan 10 tələbənin hər birinin potensialını yüksək qiymətləndirib.

Sonra tələbələr samulnori Koreya milli zərb alətində ifa ediblər.

Naxçıvan Dövlət Universitetinin müəllimi Li Cin və Azərbaycan Texnologiya Universitetinin müəllimi Ülviyyə Məmmədova Koreya dilinin tədrisi ilə bağlı təqdimatla çıxış ediblər.

Tələbələrin çıxışlarına baxış keçirildikdən sonra qaliblər müəyyənləşib.

Birinci yerə BDU-nun şərqşünaslıq fakültəsinin koreyaşünaslıq ixtisasının 3-cü kurs tələbəsi Novruzəli Sadıxlı, 2-ci yerə sosial elmlər və psixologiya fakültəsinin 3-cü kurs tələbəsi Emiliya İsmayılzadə, 3-cü yerə koreyaşünaslıq ixtisasının 4-cü kurs tələbəsi Aynurə Allahyarova layiq görülüblər. Qaliblərə 500, 400 və 300 manat pul mükafatı, bütün iştirakçılara isə sertifikatlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.