ELM VƏ TƏHSİL


BDU tələbələri alternativ enerjiyə dair tədqiqat aparıblar

BDU tələbələri alternativ enerjiyə dair tədqiqat aparıblar

Bakı, 30 mart, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsində Tələbə Elmi Cəmiyyətinin növbəti seminarı olub.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Fakültənin III kurs tələbəsi Zəhra Məmmədova “İstilik energetikası sənayesində formalaşan tullantıların təsnifatı və ətraf mühitə təsiri” mövzusunda təqdimatla çıxış edib. O, əvvəlcə istilik energetikası, istilik elektrik stansiyalarında (İES) alınan elektrik enerjisinin proqnozlar diaqramı, İES-lərin növləri, ətraf mühitə təsiri, Mingəçevir İES haqqında məlumat verib. Bildirilib ki, İES-lər gücünə, alınan enerjiyə, istifadə olunan turbinlərin, buxar generatorunun tiplərinə, buxarın başlanğıc parametrlərinə, yanacağın növünə və texnoloji sistemə görə ayrılır. İES-lər hidrosfer, atmosfer, litosfer və ümumilikdə biosferin bütün komponentlərinə təsirlərinə görə fərqlənir.

Məruzəçi İES-lərin xarakterik tullantıları və onların zərərsizləşdirilməsinin müasir üsulları haqqında ətraflı məlumat verib.

Sonra fakültənin IV kurs tələbəsi Arzu İbayevanın “Azərbaycanda alternativ enerjinin inkişafı ətraf mühitin mühafizəsi amili kimi" mövzusunda təqdimatı dinlənilib. O qeyd edib ki, ətraf mühitin çirklənməsi təbii yanacaqların istifadəsi ilə bağlıdır. Ona görə də alternativ enerjinin inkişafı bütün dünyada, o cümlədən Azərbaycanda böyük əhəmiyyət kəsb edir. Ölkəmiz alternativ enerji mənbələrinin böyük potensialına malikdir: Günəş enerjisi (5000 MVt), külək enerjisi (4500 MVt), geotermal enerji (800 MVt). Hazırda Azərbaycanda bərpa olunan enerji mənbələrinin gücü 17 faiz təşkil edir, 2030-cu ilə qədər isə bu göstərici ən azı 30 faizə çatacaq ki, bu da istixana qazlarının emissiyasını 35 faizə qədər azaldacaq. Bu, Azərbaycanın ekoloji və enerji strategiyasının təntənəsi olacaq.

Sonda digər alternativ enerji mənbələrindən istifadənin perspektivləri əsaslandırılıb və seminar iştirakçılarının sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.