CƏMİYYƏT


BDU tələbələri üçün müasir akvakultura təsərrüfatına səfər təşkil edilib

Bakı, 22 may, AZƏRTAC

22 May - Beynəlxalq Biomüxtəliflik Günü münasibətilə IDEA İctimai Birliyi və Azerbaijan Fish Farm MMC tərəfindən Bakı Dövlət Universitetinin (BDU) tələbələri üçün Neftçala rayonunda yerləşən Nərə Balıqartırma Zavoduna məlumatlandırıcı tur təşkil edilib.

IDEA İctimai Birliyindən AZƏRTAC-a verilən məlumata görə, tədbir zamanı BDU-nun biologiya fakültəsinin magistrantları və akademik heyəti dayanıqlı üsullarla ekoloji cəhətdən təmiz və sağlam dəniz məhsullarının istehsalı prosesi ilə tanış olublar. İştirakçılar üçün akvakultura balıqçılığı və nərə cinsli balıqların yetişdirilməsi haqqında geniş təqdimat, Neftçala Nərə Balıqartırma Zavodunun təsərrüfat ərazisi və dəniz sahəsinə ekskursiya təşkil edilib.

Hazırda Azərbaycanda balıqçılıq sahəsi yenidən sürətlə inkişaf edir, bir çox balıq növləri, o cümlədən nərəcinsli balıqların, çəkikimilərin, qızılbalıqkimilərin yetişdirilməsi üzrə rəqabətə davamlı məhsul istehsal edən və Xəzər dənizində biomüxtəlifliyin bərpasına töhfə verən təsərrüfatlar fəaliyyət göstərir.

Azerbaijan Fish Farm MMC Azərbaycan ərazisində nərəkimilər fəsiləsinin növlərinin və alabalığın yetişdirilməsi, eləcə də nərə kürüsünün istehsalı üzrə müasir texnologiyalar tətbiq edən, bütün məhsullar üzrə istehsal prosesi beynəlxalq keyfiyyət standartlarına cavab verən şirkətdir. Eyni zamanda, bu və digər balıqartırma zavodlarında yetişdirilən balıqların müntəzəm olaraq təbii su hövzələrinə buraxılması nəsli kəsilməkdə olan növlərin təbii populyasiyasının artırılmasını hədəfləyir.

İqlim dəyişikliyi, çirkləndirilmə, həddən artıq ovlanma və digər səbəblərə görə dünyada dəniz bioresurslarının qarşılaşdığı təhlükələr fonunda dayanıqlı balıq təsərrüfatının inkişafı həm ətraf mühit, həm iqtisadiyyat, həm də qida təhlükəsizliyi üçün olduqca vacib əhəmiyyət kəsb edir. Bu xüsusda, müasir və ekoloji təmiz akvakultura sektorunun inkişafı ilə yanaşı, cəmiyyətdə məsuliyyətli balıq ovu və istehlakı haqqında geniş maarifləndirmə işləri aparılmalıdır. Bunu nəzərə alaraq, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycanın və Qafqaz regionunun su faunasının qorunması və bərpası üzrə bir sıra mühüm təşəbbüslər həyata keçirilir.

Qeyd edilib ki, balıqların kürütökmə dövrü ilə əlaqədar mayın 1-dən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minib və sentyabrın 1-dək davam edəcək.

Bununla əlaqədar olaraq, IDEA İctimai Birliyi bütün vətəndaşları balıq ehtiyatlarının qorunmasına, məsuliyyətli balıq ovlanmasının təşviqinə dəstək verməyə, balıq ehtiyatlarının artımının qarşısını alan bütün hərəkətlərdən imtina etməyə, yalnız qanuni, dayanıqlı və məsuliyyətli yollarla əldə edilmiş dəniz məhsullarını istehlak etməyə çağırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.