ELM VƏ TƏHSİL
BDU və AMEA yeni layihəyə başlayıb
Bakı, 11 iyul, AZƏRTAC
Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) yeni layihəyə başlayıb.
BDU-dan AZƏRTAC-a bildirilib ki, bu məqsədlə AMEA-nın İdarəetmə Sistemləri İnstitutu ilə birgə “İşlənmənin son mərhələsində olan yataqlarda neftvermə əmsalının artırılması üçün nanotexnologiyaların tətbiqi ilə intellektual idarəetmə sisteminin yaradılması” mövzusunda seminar keçirilib.
Seminarda BDU-nun rektoru, akademik Abel Məhərrəmov universitetdə nanotexnologiyanın neftçıxarmaya tətbiqi ilə bağlı tətbiqi elmi tədqiqat işlərinin hələ 2005-ci ildən aparıldığını bildirib. Rektor Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) və Səudiyyə Ərəbistanının Kral Əbdul Əziz Kinq Araşdırmalar Mərkəzi ilə bu istiqamətdə əməkdaşlıq edildiyini diqqətə çatdırıb.
Akademik Telman Əliyev işlənmənin son mərhələsində olan yataqlarda neftvermənin artırılması üçün intellektual idarəetmə sisteminin yaradılması ilə bağlı uğurlu işlərin aparıldığını qeyd edib.
BDU-nun nanoaraşdırmalar laboratoriyasında aparılan işlər barədə fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov məlumat verib. Bildirilib ki, laboratoriyada son yeddi ildə aparılan emi tədqiqat işlərinin nəticələri 150 xarici məqalədə, o cümlədən onlardan 82-si “Thomson Reuters” Agentliyinin siyahısına daxil olan jurnallarda dərc edilib. Bütünlüklə laboratoriyada bu dövrdə ümumi dəyəri 7,8 milyon dollarlıq qrant layihələri yerinə yetirilib.
Daha sonra AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun əməkdaşları nəzərdə tutulan işlər barədə məlumat veriblər.
Seminarda, eyni zamanda, bu istiqamətdə dövlət proqramının hazırlanması barədə müzakirələr aparılıb, işçi qrup yaradılıb.