ELM VƏ TƏHSİL
BDU və Bakı Yunus Əmrə İnstitutu arasında əməkdaşlıq genişləndirilir
Bakı, 28 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Səlçuk Karakılıç ilə görüşüb.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə E.Babayev universitetin beynəlxalq əlaqələrindən, dünyanın aparıcı ölkələrinin ali məktəbləri, o cümlədən Türkiyə universitetləri ilə ikitərəfli əməkdaşlığından danışıb.
Rektor qardaş ölkələr arasında getdikcə daha da artan işbirliyinin bütün fəaliyyət sahələrində olduğu kimi, elm, təhsil istiqamətində də yüksək səviyyədə olduğunu qeyd edib.
Səlçuk Karakılıç iki ölkə arasında tarixən mövcud olan qardaşlıq münasibətlərindən bəhs edib, elm, təhsil sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Görüşdə BDU və Bakı Yunus Əmrə İnstitutu arasında əməkdaşlıq planları, ortaq layihələr müzakirə olunub, geniş fikir mübadiləsi aparılıb.