ELM VƏ TƏHSİL


BDU və Qazaxıstan universiteti arasında ikili diplom proqramına dair əməkdaşlıq müqaviləsi imzalanıb

Bakı, 8 sentyabr, AZƏRTAC

Bakı Dövlət Universiteti (BDU) və Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universiteti (QMTTU) arasında Neft kimyası ixtisaslaşması üzrə magistratura səviyyəsində ikili diplom proqramına dair əməkdaşlıq müqaviləsi imzalanıb.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, bu ali məktəbdə tədrisin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq standartlara uyğunlaşdırılması və universitetin beynəlxalq rəqabətliliyinin artırılmasına xüsusi diqqət yetirilir. Dünyanın bir sıra qabaqcıl universitetləri ilə beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsi istiqamətində davamlı işlər görülür.

Reallaşan layihələrdən biri də Bakı Dövlət Universiteti və Qazax Milli Tədqiqat Texniki Universiteti arasında BDU-nun Kimya fakültəsi və QMTTU-nun Kimya və Bioloji Texnologiyalar İnstitutunun magistratura proqramı bazasında Neft kimyası ixtisaslaşması üzrə magistratura səviyyəsində birgə ikili diplom proqramıdır.

Layihənin məqsədi neft-qaz kimyası, yanacaqlar, təbii karbohidrogen ehtiyatları əsasında texniki əhəmiyyətli maddələrin alınması sahəsində hərtərəfli biliyi olan, müasir düşüncəyə sahib, problemlərin həllini bilən, bacarıqlı mütəxəssislərin hazırlanmasıdır. İkili diplom layihəsində təhsil alanlar neft kimyası, kimya mühəndisliyi elmlərinin fundamental və tətbiqi metodlarından istifadə edərək öz peşə fəaliyyətlərində praktik problemləri təsnif etmək, onları effektiv həll etmək bacarıqları əldə edəcəklər.

QMTTU-da neft kimyası və kimya mühəndisliyi sahəsində yüksək səviyyədə bakalavr, magistr və doktorant hazırlığı həyata keçirilir. Universitet QS dünya universitetləri reytinqində 501-510-cu, QS ECCA reytinqində isə 69-cu pillədə yer alır. Universitetdə 114 tədris və tədqiqat laboratoriyası fəaliyyət göstərir. Təhsil müəssisəsi dünyanın 174 aparıcı ali təhsil müəssisəsi və 450 nüfuzlu şirkəti ilə əməkdaşlıq edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.