İQTİSADİYYAT
BEA: Qlobal istiləşməni azaltmaq üçün enerji səmərəliliyi üzrə investisiyaların həcmi artırılmalıdır

Bakı, 8 iyun, AZƏRTAC
Beynəlxalq Enerji Agentliyinin (BEA) icraçı direktoru Fatih Birolun enerji səmərəliliyi konfransında təqdim etdiyi hesabatda qeyd olunub ki, qlobal istiləşməni azaltmaq üçün cari onillikdə enerji səmərəliliyi üzrə investisiyaların həcmi üç dəfə artırılmalıdır.
AZƏRTAC xəbər verir ki, hesabatda bildirilib ki, planetimizdə qlobal istiləşməni 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaq məqsədinə nail olmaq məqsədilə qoyulacaq investisiyalar enerji səmərəliliyində illik qazancın iki dəfə artırılmasına imkan verəcək və nəticədə enerji tələbatının və yanacaq istehlakının azalmasına gətirib çıxaracaqdır. Bu, həm də istehlakçılara fayda verəcək və ölkələrin enerji təhlükəsizliyini daha etibarlı təmin edəcək.
BEA diqqətə çatdırıb ki, səmərəliliyin əldə edilməsinin sosial-iqtisadi faydaları arasında “istixana qazları emissiyalarında həyati əhəmiyyətli azalmaların təmin edilməsi və eyni zamanda, yeni iş yerlərinin yaradılması, enerjiyə çıxışın genişləndirilməsi, enerji ödənişlərini aşağı salınması, havanın çirklənməsinin azaldılması və ölkələrin qazıntı yanacağı idxalından asılılığının minimuma endirilməsi var. Bu sahədə ölkələrə tövsiyələr verən BEA iyunun 7-də Fransada 80-dən çox ölkənin rəsmiləri və biznes nümayəndələrini bir araya gətirən enerji səmərəliliyi konfransına ev sahibliyi edib. Agentlik qeyd edib ki, enerji səmərəliliyi ilə bağlı mövcud hökumət siyasəti sürətləndirilsə və tam həyata keçirilsə, bu, illik enerji təminatının ikiqat artırılması üçün lazımi səylərin təxminən dörddə üçünü əhatə edəcək.
Enerji səmərəliliyinə qoyulan investisiyaların bu il rekord səviyyəyə (600 milyard dollardan çox) çatması gözlənilsə də, BEA yüksək faiz dərəcələri səbəbindən artımın yavaşladığını qeyd edib. Hesabatda vurğulanıb ki, bu səviyyə 2030-cu ilə qədər 1,8 trilyon dollara çatmalıdır.
BEA-nın enerji səmərəliliyi bölməsinin rəhbəri Brayn Motervey keçən həftə jurnalistlərə müsahibəsində deyib: “Çox vaxt hökumətlər enerji səmərəliliyinə lazımi qədər diqqət yetirmirlər. Onların bərpa olunan enerji istehsalının artırılması üzrə səyləri müsbət olsa da, bu sahədə əsas diqqət səmərəliliyə yönəlməlidir”.