RƏSMİ XRONİKA
BELARUS MİLLİ KİTABXANASI İLƏ TANIŞLIQ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 18-də Belarus Milli Kitabxanasına gəlmişdir.
Prezident İlham Əliyevi burada gül-çiçəklə və duz-çörəklə qarşıladılar. Kitabxananın direktoru Roman Motulski Prezident İlham Əliyevə məlumat verdi ki, 2000-ci ildə Prezident Aleksandr Lukaşenkonun sərəncamı ilə tikintisinə başlanmış bu kitabxana binası cari ilin əvvəlində istifadəyə verilmişdir. Ümumi sahəsi 166,5 min kvadratmetr olan kitabxana kompyuterləşdirilmişdir.
Kitabxananın ədəbiyyat fondunda 8 milyon nüsxə kitab vardır. Yaxın 30 ildə onun sayını 14 milyon nüsxəyə çatdırmaq nəzərdə tutulmuşdur. Burada 500 işçi çalışır, müxtəlif şöbələr və 19 oxu zalı fəaliyyət göstərir. Gündə kitabxanaya 25 min oxucu müraciət edir.
Azərbaycan Prezidenti İlham Əliyev ayrı-ayrı oxu zallarını və şöbələri gəzdi, binanın layihəsi ilə yaxından tanış oldu, Milli Kitabxananın onda dərin təəssürat oyatdığını söylədi, fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.