SİYASƏT
BELÇİKA PARLAMENTİ AZƏRBAYCANLILARIN SOYQIRIMA MƏRUZ QALMASI FAKTLARINI ARAŞDIRACAQDIR
Belçikada fəaliyyət göstərən bir qrup türk təşkilatının rəhbərləri bu ölkənin parlamentinə dəvət olunmuşlar.
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, tədbirdə Belçikada yaşayan türklərin və azərbaycanlıların problemləri ilə bağlı məsələlər müzakirə edilmişdir.
Belçikada fəaliyyət göstərən “Azərbaycan evi” Cəmiyyətinin sədri Bülənt Gürcam bu ölkədə Azərbaycan icması üçün mühüm əhəmiyyət kəsb edən məsələləri, xalqımızın tarixində baş verən soyqırım faktlarını belçikalı deputatların diqqətinə çatdırmışdır.
Bülənt Gürcam deyib ki, rəhbərlik etdiyi təşkilat fevral ayının 25-də Xocalı soyqırımı ilə bağlı Brüsselin mərkəzi meydanında təşkil etdiyi etiraz aksiyasında soyqrımı pisləyən 220 imza toplamışdır. Soydaşımız 31 mart Azərbaycanlıların soyqırımı gününü əks etdirən sənədlər toplusunu və yığılmış imzaları Belçika parlamentinə təqdim etmişdir. Onun məlumatını belçikalı deputatlar diqqətlə dinləmiş və sənədləri qəbul etmişlər.
Parlamentdə keçirilən görüşdə Belçika-türk dərnəkləri əlaqələndirmə təşkilatı, Belçika-türk dini, Türk qadın təşkilatları da iştirak etmişlər. Görüşdə Belçika parlamentinin ayrı-ayrı fraksiyalarında təmsil olunan türk deputatlar ilə yanaşı, Belçika-Azərbaycan parlamentlərarası dostluq komissiyasının sədri Məryəm Qacar da iştirak etmişdir.