SİYASƏT
BERLİNDƏ AVROPA AZƏRBAYCANLILARI KONQRESİNİN TƏSİS KONFRANSI KEÇİRİLMİŞDİR
Konfransda Ukrayna, Rusiya Federasiyası, Belarus, İsveç, İsveçrə, Norveç, Danimarka, Finlandiya, Belçika, Avstriya, Hollandiya, Fransa, İspaniya, Çexiya, Polşa, Rumıniya, Macarıstan, Bolqarıstan, Almaniyadakı Azərbaycan icmalarının və diaspor təşkilatlarının nümayəndələri, ABŞ, Özbəkistan, Qazaxıstan və Qırğızıstanda fəaliyyət göstərən Azərbaycan cəmiyyətlərinin rəhbərləri, Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov başda olmaqla komitənin işçi heyəti, ölkəmizin Almaniyadakı səfiri Hüseynağa Sadıqov, Türkiyə Böyük Millət Məclisinin üzvləri iştirak etmişlər.
Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səslənmişdir.
Ümummilli liderimiz Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov konfransı giriş sözü ilə açaraq, Avropa Azərbaycanlıları Konqresinin yaradılmasını bu qitədəki diaspor təşkilatlarının birləşməsi istiqamətində əhəmiyyətli hadisə adlandırmışdır. O, yeni qurumun Avropada məskunlaşan soydaşlarımızın tarixi vətənləri olan Azərbaycanla əlaqəsinin möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında siyasi, mənəvi birliyin və həmrəyliyin təmin olunması işində məqsədyönlü fəaliyyət göstərəcəyinə əminliyini bildirmişdir.
Əli Həsənov Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına təbrik məktubunu oxumuşdur.
Konfransın “Müasir Azərbaycan gerçəklikləri – inkişaf və əməkdaşlığın yeni mərhələsi” devizi altında keçirilən birinci hissəsində Əli Həsənovun “Azərbaycan Avropa məkanında – Avropa dövlətləri: demokratiya, dünyəvilik, qanunun aliliyi vətəndaş cəmiyyətinin normalarına çevrilir”, səfir Hüseynağa Sadıqovun “Azərbaycan-Almaniya münasibətləri müasir mərhələdə”, İqtisadi İnkişaf Nazirliyinin beynəlxalq iqtisadi əməkdaşlıq bölməsinin müdiri Səməd Bəşirovun “Azərbaycan iqtisadiyyatında yeniləşmə və dinamika”, Azərbaycan Dövlət Neft Şirkəti vitse-prezidentinin müşaviri Eldar Şahbazovun “Bakı-Tbilisi-Ceyhan Xəzər regionu və Aralıq dənizi ölkələri arasında körpüdür”, Gənclər, İdman və Turizm Nazirliyinin aparıcı mütəxəssisi Fərid Axundovun “Azərbaycanda turizm potensialının imkanları” mövzusunda məruzələri dinlənilmişdir.
İkinci hissədə “Azərbaycan diaspor quruculuğunun çağdaş durumu və inkişaf perspektivləri” mövzusunda məsələlər müzakirə olunmuşdur. Bu barədə çıxış edənlər Azərbaycan diasporunun inkişaf perspektivlərindən, məskunlaşdıqları ölkələrin ictimai-siyasi həyatında iştirakından, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində rolundan, soydaşlarımızın problem və qayğılarının həllində Azərbaycan icmalarının yerli dövlət strukturları ilə əlaqəsindən, Avropa ölkələrində azərbaycanlıların hüquqlarının qorunması sahəsindəki problem və qayğılarından söhbət açmışlar.
Konfrans Avropa Azərbaycanlıları Konqresinin Nizamnamə layihəsini müzakirə etmiş və qurumun rəhbər orqanlarını - Mərkəzi Şura və İcraiyyə Komitəsini formalaşdırmışdır. Türkiyə-Almaniya İş Adamları Birliyinin prezidenti Bahəddin Qaya Avropa Azərbaycanlıları Konqresinin sədri, Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru Natiq Ağamirov və Ukrayna Azərbaycanlıları Konqresinin sədri Oqtay Əfəndiyev vitse-sədrlər seçilmişlər.
Avropa Azərbaycanlıları Konqresinin təsis olunması təsdiqləndikdən sonra 50-dən artıq icma və birlik rəhbəri rəsmi razılıq protokolu imzalamış, digər ölkələrdəki cəmiyyət və birlikləri, milli qurumları ümummilli mənafeyimiz naminə gələcək əməkdaşlığa dəvət etmişlər.
Konqresin qərargahı və Əlaqələndirici katibliyi Berlində yerləşəcəkdir. AFR-də rəsmi qeydiyyatdan keçdikdən sonra Konqres beynəlxalq təşkilatlar qarşısında Azərbaycanın və azərbaycanlıların problemləri ilə bağlı məsələlər qaldırmaq hüququ əldə edəcəkdir.
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov konfransın yekunlarına dair mətbuat konfransı keçirmişdir.
Konfransdan sonra təşkil olunmuş ziyafətdə Azərbaycan incəsənət ustaları geniş konsert proqramı ilə çıxış etmişlər.