ELM VƏ TƏHSİL
BERLİNDƏ “AZƏRBAYCAN GECƏSİ” KEÇİRİLMİŞDİR
Berlin Azad Universitetinin Beynəlxalq klubunda keçirilən gecəyə Almaniya universitetlərində təhsil alan Polşa, Rusiya, Çin, İtaliya və Belarus tələbələri də qatılmışlar.
Tədbiri Azərbaycanın Almaniyadakı səfirliyi dəstəkləmişdir.
Çıxışlarında doğma Azərbaycanı Cənubi Qafqaz regionunun öncül ölkəsi kimi səciyyələndirən vətənpərvər gənclərimiz dövlətçiliyimizin tarixi, müstəqil Azərbaycan dövlətinin ərazisi, əhalisi, sərhədləri, dövlət quruluşu,
dövlətçiliyinin inkişaf mərhələləri, ölkəmizin füsunkar təbiəti, zəngin yeraltı və yerüstü sərvətləri, xalqımızın milli dəyərlərə söykənən mədəni irsindən söhbət açmışlar. Azərbaycanın dövlət rəmzləri nümayiş etdirilmişdir.
Tədbirdə Dağlıq Qarabağ münaqişəsinin tarixi və indiki durumu barədə də məlumat verilmişdir.
Gecə tələbələrin “Qarabağ” rəqs qrupunun ifasında konsert proqramı ilə davam etdirilmişdir. Qonaqlar üçün dinlədikləri məruzələr əsasında “Azərbaycanı yaxından tanıyırsınızmı?” mövzusunda sual-cavab yarışı təşkil olunmuşdur.
Azərbaycan barəsində çox bilgilərə malik qaliblərə hədiyyələr təqdim edilmişdir.
Tədbirin sonunda Azərbaycan mətbəxinin ləziz yeməklərindən ibarət ziyafət verilmişdir. Milli mətbəximizin zənginliyi, dadı və ləzzəti gecənin qonaqlarını heyran etmişdir. Onlar qızlarımızın hazırladığı milli yeməklərimiz barədə xoş sözlər söyləmişlər.