CƏMİYYƏT
BERLİNDƏ ÜMUMDÜNYA QİÇS GÜNÜ ƏRƏFƏSİNDƏ NÜMAYİŞLƏR VƏ YARDIM AKSİYALARI KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, noyabrın 30-da Berlində Ümumdünya QİÇS-lə mübarizə günü münasibətilə küçə yürüşləri, nümayişlər, mitinqlər və yardım aksiyaları keçirilmişdir. Əllərində yanan şamlar tutmuş minlərlə paytaxt sakini QİÇS-ə qarşı mübarizə və yardım cəmiyyətinin iqamətgahı qarşısındakı meydana gələrək, bu xəstəliyin qurbanı olmuş berlinlilərin xatirəsini bir dəqiqəlik sükutla anmış, matəm mitinqi keçirmişdir.
Berlin Tibb Universitetinin tələbə və müəllimləri şəhər metrosunun qatarlarında bu dəhşətli xəstəliyə yoluxmanın qarşısının alınması və profilaktikası barədə təbliğat aparmış və ianə toplamışlar. Bir neçə saat ərzində 3 milyon avrodan çox vəsait toplanmış və Berlindəki QİÇS-ə qarşı mübarizə və yardım cəmiyyətinin fonduna təhvil verilmişdir.
Cəmiyyətin statistik məlumatına görə, 4 milyona qədər əhalisi olan Berlində hər həftə azı iki nəfər bu dəhşətli xəstəlikdən dünyasını dəyişir.
Yusif Xəlilov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin