SİYASƏT


BERNAMA agentliyi: Azərbaycan və Malayziya ortaq dəyərləri bölüşür

Kuala Lumpur, 12 aprel, AZƏRTAC 

Azərbaycanın Malayziyadakı səfiri Qaley Allahverdiyevin bu ölkənin BERNAMA milli xəbər agentliyinə verdiyi müsahibə əsasında agentliyin rəsmi saytında “Azərbaycan və Malayziya ortaq dəyərləri bölüşür” sərlövhəli məqalə yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, səfir müsahibəsində hər iki müsəlman ölkəsində qarşılıqlı hörmət və anlaşmaya əsaslanan, müxtəlif etnik qrupların harmonik birgəyaşayışı üzərində qurulmuş bir mühitin mövcud olduğunu qeyd edib. Dini və etnik dözümsüzlüyün mövcud münaqişələrin və qeyri-sabitliyin əsas qaynağı olduğunu bildirən diplomat dünyada baş verən ixtilafların qarşısının alınmasında sülh mədəniyyətinin təşviqinin önəmini vurğulayıb.

Azərbaycanın coğrafi baxımdan Qərbi Asiya və Şərqi Avropanın kəsişməsində yerləşdiyini bildirən səfir ölkəmizin etnik və dini cəhətdən rəngarəng olduğunu, müxtəlif mədəniyyətləri və dinləri təmsil edən xalqların əsrlərboyu burada harmoniya şəraitində yaşadıqlarını qeyd edib. Əhalisinin böyük əksəriyyətinin İslam dininə mənsub olmasına baxmayaraq, burada digər dinlərə münasibətin hörmətə əsaslandığı, məscidlərlə yanaşı, kilsə, sinaqoq və digər dinlərə məxsus məbədlərin fəaliyyət göstərməsinin ölkəmizdəki tolerant mühitə əyani sübut olduğu məqalədə öz əksini tapıb.

Ölkəmizin müasir tarixinə də toxunan Q.Allahverdiyev ötən əsrin əvvəllərində müsəlman dünyasında ilk demokratik respublikanın məhz Azərbaycanda qurulduğunu, əsrin sonlarında isə ikinci dəfə müstəqilliyini əldə etdiyini bildirib.

Bununla yanaşı, xalqımızın yaxın keçmişdə məruz qaldığı faciələr barədə söhbət açan səfir 1918-ci ilin mart-aprel aylarında Bakıda və digər bölgələrdə on minlərlə dinc azərbaycanlı əhalinin yalnız milli və dini mənsubiyyətinə görə xüsusi qəddarlıqla qətlə yetirildiyini xatırladıb. O, 31 mart qanlı hadisələrinə yalnız 80 il sonra – 1998-ci ildə Prezident Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verildiyini qeyd edib.

Erməni millətçilərinin sonralar da öz çirkin niyyətlərindən əl çəkmədiyi, dinc soydaşlarımızı qəddarlıqla kütləvi qırğına məruz qoyaraq, cinayətlərini ört-basdır etmək məqsədilə hadisələri saxtalaşdırmağa çalışdıqları məqalədə öz əksini tapıb.

Q.Allahverdiyev Ermənistanın 1988-ci ildən başladığı növbəti etnik təmizləmə və təcavüz siyasəti nəticəsində Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunun işğal edilməsi, 20 min azərbaycanlının həyatına son qoyulması, bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi haqda da məlumat verib. Müharibənin gedişində Ermənistanın qeyri-insani vasitələrdən belə çəkinmədiyi, 1992-ci il fevralın 25-26-da Xocalıda törətdiyi soyqırımı faktı məqalədə xüsusi yer alıb.

Müsahibədə Azərbaycan-Malayziya münasibətlərinə toxunan səfir rəsmi Bakı və Kuala Lumpurun beynəlxalq platformalarda da oxşar mövqe nümayiş etdirdiklərini diqqətə çatdırıb. Cari ilin oktyabrında Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün Bakıda keçiriləcəyinə dair məlumat verən diplomat üç il müddətinə təşkilatın növbəti sədri kimi ölkəmizin beynəlxalq sülh və təhlükəsizliyə töhfə verəcəyini qeyd edib.

Müsahibənin sonunda malayziyalı oxuculara aprelin 6-da Azərbaycanın on milyonuncu sakininin dünyaya gəlməsi haqda da məlumat verilib. Bildirilib ki, bu, Azərbaycandakı mövcud demoqrafik artımın, son illər ölkəmizdə sosial-iqtisadi sahədə böyük uğurlar əldə olunmasının, əhalinin rifahının daha da yaxşılaşmasının göstəricisidir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Kuala Lumpur

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.