SİYASƏT


BERNAMA agentliyi Azərbaycan və Rusiya liderlərinin videogörüşü barədə AZƏRTAC-ın materialını yayıb

Kuala Lumpur, 11 noyabr, AZƏRTAC

Malayziyanın BERNAMA Milli İnformasiya Agentliyi Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə keçirilən və Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanan üçtərəfli bəyanatla əlaqədar videogörüş barədə AZƏRTAC-ın materialını yayıb.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Prezident İlham Əliyevin “Ermənistan-Azərbaycan münaqişəsinin başa çatması tarixi hadisədir” sözlərinin başlıq kimi istifadə edildiyi məqalədə videogörüş barədə ətraflı məlumat verilib. Azərbaycan Prezidentinin sözləri sitat gətirilib: “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi bizim regionda, Avrasiya məkanında ən uzunmüddətli münaqişələrdən biridir və bu gün həmin münaqişənin sona yaxınlaşması tarixi hadisədir, ilk növbədə, torpaqları çoxillik işğaldan azad olan Azərbaycan xalqı üçün tarixi hadisədir”.

Azərbaycanın dövlət başçısına istinadla qeyd edilir ki, bu həm də beynəlxalq hüququn norma və prinsiplərinin təntənəsi, BMT Təhlükəsizlik Şurasının uzun müddət kağız üzərində qalmış qətnamələrinin təntənəsidir.

Münaqişə tərəfləri arasında sülhün əldə edilməsinə görə Rusiya Prezidentinə minnətdarlığını bildirən Prezident İlham Əliyevin sözləri sitat gətirilək bildirilir: “Sağ olun, hörmətli Vladimir Vladimiroviç. Mən öz tərəfimdən demək istərdim ki, bu gün Ermənistan ilə Azərbaycan arasında çoxillik münaqişənin nizamlanması işinə nöqtə qoyulur, Azərbaycan torpaqlarının işğalına son qoyulur və saatlarla, ümumiyyətlə desək, günlərlə vaxt sərf edib mühüm mövqeləri razılaşdırmaq yolu ilə nizamlamaya nail olduq ki, mənim fikrimcə həm Azərbaycanın, həm də Ermənistanın və region ölkələrinin xalqlarının mənafelərinə cavab verir”.

Dövlətimizin başçısına istinadla qeyd edilir ki, münaqişənin hərbi-siyasi nizamlanması regionda uzunmüddətli sülhə, həmrəyliyə gətirib çıxaracaq, qarşıdurmaya və qan tökülməsinə son qoyacaq.

Məqalədə videogörüş zamanı Azərbaycan və Rusiya prezidentləri tərəfindən üçtərəfli bəyanatın imzalandığı qeyd edilir.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verilərək onun müharibə mərhələsinin 1991-ci ildə başladığı, cari il sentyabrın 27-də yenidən qızışdığı qeyd edilir. Bildirilir ki, birinci Qarabağ müharibəsi nəticəsində Ermənistan ordusu tərəfindən Azərbaycan ərazisinin 20 faizi işğal edilib və təqribən 30 il müddətində əsarətdə saxlanılıb. BMT Təhlükəsizlik Şurasının Ermənistan ordusunun işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılması barədə 1993-cü ildə qəbul edilən 4 qətnaməsinin tələbləri Ermənistan tərəfindən icra edilməyib. Münaqişənin sülh yolu ilə həlli məqsədilə ATƏT-in ABŞ, Fransa və Rusiyanın həmsədrliyi ilə 1992-ci ildə yaradılan Minsk qrupunun fəaliyyəti də heç bir nəticə verməyib.

Məqalədə videogörüş zamanı Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana münaqişənin həllində oynadığı rola görə ifadə etdiyi minnətdarlıq barədə də məlumat verilib.

Dövlətimizin başçısına istinadla bildirilib ki, birgə bəyanat nəticəsində regionda təkcə münaqişənin nizamlanması çərçivəsində deyil, həm də gələcək inkişaf üçün qarşılıqlı fəaliyyətin tamamilə yeni formatı yaradılır: “Bəndlərdən biri də bütün nəqliyyat kommunikasiyalarının açılmasıdır. Bu, bütün region ölkələrinin xeyrinə olacaq”.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Kuala Lumpur

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.