CƏMİYYƏT
BERNAMA agentliyi Azərbaycanın COVID-19 pandemiyasına qarşı nümunəvi təcrübəsinə həsr olunmuş məqalə yayıb
Kuala-Lumpur, 9 aprel, AZƏRTAC
Malayziyanın aparıcı milli xəbər agentliyi BERNAMA Azərbaycanın COVID-19 pandemiyasına qarşı nümunəvi təcrübəsinə həsr olunmuş geniş məqalə yayıb.
AZƏRTAC xəbər verir ki, məqalədə bu gün bəşəriyyətin ağır sınağına çevrilmiş COVID-19 pandemiyasına qarşı Azərbaycanda həyata keçirilən kompleks tədbirlər barədə ətraflı məlumat verilir. Dünya ölkələrinin bu qlobal çağırışa müxtəlif mübarizə üsulları ilə cavab verməyə çalışdıqları qeyd olunur, Azərbaycan təcrübəsinin nümunəvi xüsusiyyətləri sadalanır.
Azərbaycanın Malayziyadakı səfiri Qaley Allahverdiyevin fikirlərinə istinadla bildirilir ki, COVID-19 pandemiyasının hələ erkən mərhələsində Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə hökumət tərəfindən Operativ Qərargah yaradılıb. İctimaiyyətin tam məlumatlandırılmasını təmin etmək, o cümlədən bu məsələ ilə əlaqədar qarşılaşdıqları vəziyyətlə bağlı vətəndaşların suallarını operativ şəkildə cavablandırmaq üçün www.koronavirusinfo.az adlı informasiya portalı istifadəyə verilib.
Həmçinin cari il martın 19-da Prezident İlham Əliyevin Fərmanı ilə təsis edilmiş Koronavirusla Mübarizəyə Dəstək Fondundan bəhs olunub, dövlətimizin başçısının bir illik əməkhaqqı məbləğini bu fonda ianə etməsi xüsusi vurğulanıb.
Bundan əlavə, Azərbaycan Prezidentinin Sərəncamına uyğun olaraq, COVID-19 pandemiyası ilə mübarizənin ön xəttində çalışan tibb işçilərinin əməkhaqlarına aylıq vəzifə maaşının 3-5 mislinədək miqdarda müddətli əlavələrin edilməsi, pandemiyanın ölkə iqtisadiyyatına və makroiqtisadi sabitliyə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 2020-ci il üzrə dövlət büdcəsindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə 2,5 milyard manat həcmində vəsaitin ayrılması görülən işlərin vacib komponentləri kimi qeyd olunub.
Məqalədə COVID-19 pandemiyasına qarşı Azərbaycanın apardığı mübarizə zamanı mənəvi dəyərlərin xüsusi yer tutduğu vurğulanaraq, Prezident İlham Əliyevin bu infeksiyanın əsasən yaşlı nəslin nümayəndələri üçün ağır fəsadlar törətdiyi, lakin cəmiyyətimizdə həmin şəxslərə həmişə böyük hörmət göstərildiyi xüsusi qeyd edilib. Bildirilib ki, belə mənəvi dəyərlərimizin bundan sonra da qorunmasının vacibliyi, eləcə də indiki şəraitdə hər bir vətəndaşın yaşlı nəslin nümayəndələrinə xüsusi qayğıkeşliklə yanaşmalı olduğu barədə dövlət başçısının xalqımıza müraciətinə istinad edilib.
Materialda COVID-19 ilə mübarizədə Azərbaycanın beynəlxalq aləmə töhfələrinə də xüsusi diqqət yetirilib, Azərbaycan hökuməti tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının müvafiq fonduna 5 milyon ABŞ dolları məbləğində könüllü maliyyə yardımından bəhs edilib. Bununla bağlı səfir Q.Allahvediyevin aşağıdakı fikirlərinə istinad edilib: “Bu gün biz daha çox koordinasiyaya, daha çox həmrəyliyə və əməkdaşlığa ehtiyac duyuruq. Bu çağırışın ölkələr arasındakı inamı pozmasına imkan verə bilmərik”.
Materialın tam mətni ilə aşağıdakı link vasitəsilə tanış olmaq olar:
https://www.bernama.com/en/world/news.php?id=1829894
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kuala-Lumpur