SİYASƏT


BERNAMA agentliyi Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasındakı çıxışını geniş işıqlandırıb

Kuala Lumpur, 4 dekabr, AZƏRTAC

Malayziyanın BERNAMA Milli İnformasiya Agentliyi Qoşulmama Hərəkatının sədri, Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasında çıxışı barədə AZƏRTAC-a istinadla geniş material yayıb.

“Qoşulmama Hərəkatının sədri, Prezident İlham Əliyev COVID-19-a qarşı BMT-nin reaksiyasını təqdir edib” sərlövhəli materialda dövlətimizin başçısının Dünya Səhiyyə Təşkilatının pandemiya ilə mübarizədə üzv dövlətlərin tələbatını öyrənmək üçün Hərəkatın üzvü olan dövlətlərin sorğu materiallarından istifadəsini yüksək qiymətləndirdiyi qeyd edilib.

Prezident İlham Əliyevə istinadla bildirilib ki, pandemiyanın misli görünməmiş universal fəsadlarının aradan qaldırılması üçün qlobal səylərə töhfə vermək və Qoşulmama Hərəkatına üzv dövlətlərə operativ, adekvat və əhatəli yardımın göstərilməsi məqsədilə Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının COVID-19-a qarşı Təmas Qrupunun onlayn Zirvə görüşünü təşkil edib.

Məqalədə vurğulanıb ki, Azərbaycan Prezidenti Qoşulmama Hərəkatına üzv olan 120 dövlətin adından BMT sisteminin COVID-19-la bağlı fəaliyyətini yüksək qiymətləndirərək deyib: “Hərəkat COVID-19 pandemiyası ilə bağlı artmaqda olan çağırışlarla mübarizədə beynəlxalq ictimaiyyət tərəfindən təsirli tədbirlərin görülməsi üçün təlimatların verilməsi, təlimlərin və avadanlıq, konkret xilasetmə xidmətlərinin təşkili sahəsində Ümumdünya Səhiyyə Təşkilatının və onun rəhbərliyinin mühüm rolunu tam şəkildə dəstəkləyir”.

Pandemiyanın istər inkişaf etmiş, istərsə də inkişaf etməkdə olan ölkələrdə zəiflikləri və bərabərsizliyi aşkara çıxararaq onları daha da kəskinləşdirməsi, habelə yoxsulluğu dərinləşdirərək ən həssas kateqoriyadan olan insanların vəziyyətini daha da ağırlaşdırması barədə Prezident İlham Əliyevin fikirləri oxucuların diqqətinə çatdırılaraq vurğulanıb ki, pandemiya ən yoxsul və zəif vəziyyətdə olan ölkələrə daha çox zərbə vurub. Qeyd edilib ki, Qoşulmama Hərəkatı böhranın davam edən fəsadlarının böyük çətinliklə əldə olunmuş nailiyyətləri geri atacağından və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində tərəqqiyə mane olacağından dərin narahatlıq keçirir.

BERNAMA agentliyi, həmçinin qeyd edib ki, Azərbaycan Prezidenti bütün ölkələrin dərman, vaksin və tibbi avadanlığa münasib, maneəsiz və bərabər çıxışının əhəmiyyətini diqqətə çatdırıb. Bu kontekstdə Prezident İlham Əliyevin çıxışından sitat gətirilib: “COVID-19 əleyhinə bir çox vaksinlərin tədqiqatının davam etdiyi bir vaxtda biz kliniki sınaqların uğurlu nəticələrini gözləyir və ümid edirik ki, təhlükəsiz və təsirli vaksin tezliklə hazır olacaq və onun hamı üçün münasib qiymətə paylanılması təmin ediləcəkdir. Biz bu prosesdə ÜST-nin əlaqələndirmə səylərini yüksək qiymətləndirir və vaksin hazır olduğu zaman təşkilatın insanların belə bir vaksinə bərabər çıxışının təmin edilməsində rolunun vacibliyini vurğulayırıq”.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Kuala Lumpur

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.