SİYASƏT
BERNAMA agentliyi: Qoşulmama Hərəkatı qəti şəkildə Azərbaycanın mövqeyini dəstəkləyir
Kuala Lumpur, 11 oktyabr, AZƏRTAC
Qoşulmama Hərəkatının onlayn formatda keçirilmiş nazirlər səviyyəsində görüşünün iştirakçılarının qəbul etdiyi xüsusi bəyanat Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini qəti şəkildə dəstəkləyir.
AZƏRTAC xəbər verir ki, bu barədə Malayziyanın BERNAMA Dövlət İnformasiya Agentliyinin yaydığı məlumatda bildirilib.
Agentliyin AZƏRTAC-a istinadla yaydığı məlumatda qeyd edilib ki, bəyanatda Hərəkatın üzv dövlətləri Ermənistan-Azərbaycan münaqişəsində hərbi əməliyyatların yenidən başlanmasını şiddətlə qınayır, insan itkisi və mülki əhaliyə dəyən ziyana görə təəssüflənirlər.
Vurğulanıb ki, Qoşulmama Hərəkatının nazirlər görüşü Ermənistan ilə Azərbaycan arasında münaqişənin BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 nömrəli qətnamələri əsasında həllinə dəstəyini bir daha təsdiqləyir.
Həmçinin qeyd edilib ki, Hərəkatın üzv dövlətləri Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə qəti dəstəyini ifadə edir və təşkilatın prinsipial mövqeyinə uyğun olaraq, Azərbaycan ilə həmrəyliklərini bildirirlər.
Üzv dövlətlərin, həmçinin Birləşmiş Millətlər Təşkilatının Baş katibinin 2020-ci il 27 sentyabr tarixli müvafiq çağırışını nəzərə aldıqları da agentliyin yaydığı məlumatda əksini tapıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kuala Lumpur