İQTİSADİYYAT
BEYNƏLXALQ ƏMƏK TƏŞKİLATI AZƏRBAYCANI REGİONDA MƏŞĞULLUQ SAHƏSİNDƏ TEXNİKİ YARDIM ÜZRƏ TƏRƏFDAŞ SEÇMİŞDİR
Proqramda ictimai səviyyədə inzibati idarəolunmanın təkmilləşdirilməsi, respublikada, xüsusilə regionlarda gəlir əldə edilməsi imkanlarının yaxşılaşdırılması, iqtisadi inkişafın və ölkədə makroiqtisadi sabitliyin təmin edilməsi, səhiyyə və təhsil xidmətlərindən bərabər səviyyədə yararlanmaq imkanlarının yaradılması, qaçqın və məcburi köçkünlərin həyat şəraitlərinin yaxşılaşdırılması və s. prioritet məsələlərin gələcəkdə uğurla həyata keçirilməsi əksini tapmışdır.
Respublikamızı təmsil edən üçtərəfli nümayəndə heyətinin Beynəlxalq Əmək Təşkilatının baş direktoru Xuan Somaviya ilə görüşündə Fizuli Ələkbərov son zamanlar ölkəmizdə sosial-iqtisadi inkişafın təmin olunması istiqamətində aparılan islahatlar haqqında məlumat vermişdir. Ölkə Proqramı kimi mühüm və əhəmiyyətli sənədin imzalanması münasibətilə sosial tərəfdaşları təbrik edən X.Somaviya, Prezident İlham Əliyevin apardığı sosial-iqtisadi siyasəti yüksək qiymətləndirərək, Azərbaycanın dünya birliyi ölkələri sırasında artıq layiqli yer tutduğunu xüsusi qeyd etmişdir. Azərbaycan hökuməti ilə işgüzar münasibətlərin gündən-günə daha geniş vüsət aldığını vurğulayan X.Somaviya, bunun nəticəsi olaraq Azərbaycanın, məşğulluq sahəsinə texniki yardım göstərilməsi üçün BƏT tərəfindən regionun əsas ölkəsi kimi seçildiyini bildirmişdir. Görüşdə Ölkə Proqramının icrası müddətində hər iki tərəfin gələcək fəaliyyəti müzakirə edilmişdir.