DÜNYA
BEYNƏLXALQ BİRLİK FƏLƏSTİN XALQINI DƏSTƏKLƏYİR
BMT Baş Məclisi Fələstin xalqının qanuni hüquqlarını və Yaxın Şərq sülh prosesini əksər səs çoxluğu ilə dəstəkləmişdir. Eyni zamanda, beynəlxalq birlik İsraili işğal olunmuş bütün Fələstin ərazilərindən, habelə onun 1967-ci ildə Suriyadan qəsb etdiyi Colan təpələrindən çıxmağa çağırmışdır.
Qətnamələrdən biri BMT, Avropa Birliyi, Rusiya və ABŞ-ın simasında beynəlxalq vasitəçilər dördlüyünü, eləcə də digər maraqlı tərəfləri Fələstin-İsrail münaqişəsi zonasında vəziyyətin pisləşməsini dayandırmaq üçün var qüvvə ilə səy göstərməyə və onu 2000-ci ilin sentyabrınadək mövcud olan, yəni Fələstin üsyanı başlanmazdan əvvəlki vəziyyətə qaytarmağa çağırır.
Qüdsə dair ayrıca qətnamədə Baş Məclis bir sıra dövlətlərin Təhlükəsizlik Şurasının 478-ci qətnaməsini pozaraq, İsraildəki diplomatik nümayəndəliklərini bu şəhərə köçürməsini tənqid etmiş və həmin ölkələri BMT-nin müvafiq qətnamələrinin müddəalarına əməl etməyə çağırmışdır. Qətnamədə xüsusi vurğulanılır ki, Qüds məsələsinin hərtərəfli, ədalətli və möhkəm həllində həm Fələstin tərəfinin, həm də İsrail tərəfinin qanuni mənafeləri və şəhərin bütün sakinlərinin vicdan, dini etiqad azadlıqları, eləcə də bütün dinlərdən və millətlərdən olan insanların müqəddəs yerləri daim, sərbəst və qeyri- məhdud şəkildə ziyarət etməsi azadlıqlarının beynəlxalq təminatı nəzərə alınmalıdır.
Başqa bir qətnamədə isə açıqlanır ki, Suriyanın Colan təpələrinin işğalının davam etməsi və faktiki surətdə ilhaqı regionda ədalətli, hərtərəfli və möhkəm sülhə nail olmaq yolunda əngəldir.
İTAR-TASS-ın verdiyi xəbərə görə, İsrail və ABŞ Fələstinə və Yaxın Şərqdə vəziyyətə dair məsələ ilə əlaqədar üç gün sürən diskussiyanın yekunları əsasında qəbul olunmuş altı qətnamənin hamısının əleyhinə səs vermişlər.