İQTİSADİYYAT
BEYNƏLXALQ ELMİ-PRAKTİK KONFRANS KEÇİRİLMİŞDİR
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, konfransın keçirilməsindən əsas məqsəd Azərbaycanda gerçəkləşdirilən iqtisadi islahatların ilkin nəticələrinin sistemli şəkildə təhlil olunması, bu sahədə mövcud problemlərin yaranma səbəblərinin və onların aradan qaldırılması yollarının müzakirə edilməsi, iqtisadi islahatların dərinləşdirilməsi istiqamətində təklif və tövsiyələrin hazırlanması idi.
Konfransın işində İqtisadi İnkişaf, Maliyyə, Vergilər, Kənd Təsərrüfatı, Gənclər, İdman və Turizm nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, Milli Bankın, Standartlaşdırma və Patent üzrə Dövlət Agentliyinin, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq iqtisadi qurumların nümayəndələri, Milli Elmlər Akademiyasında, dövlət və özəl ali məktəblərdə çalışan iqtisadçı alimlər, ekspertlər iştirak etmişlər.
Konfransda ölkədə həyata keçirilən iqtisadi islahatların əsas istiqamətləri üzrə məruzələr dinlənilmiş, müzakirələr aparılmış, iqtisadi islahatların dərinləşdirilməsi istiqamətində təklif və tövsiyələr irəli sürülmüşdür. Məruzə və çıxışlarda irəli sürülən təklifləri ümumiləşdirərək Azərbaycan hökumətinə təqdim etmək qərara alınmışdır.
Konfransın materialları toplanaraq, kitab şəklində çap ediləcəkdir.