SİYASƏT
BEYNƏLXALQ FORUM ÖLKƏNİN YUXARI İNSTANSİYALARINA TÖVSİYƏLƏR QƏBUL ETMİŞDİR
Forumda vurğulanmışdır ki, bəşəriyyətin qlobal istiləşməyə çatdığı indiki şəraitdə ekoturizm getdikcə daha da aktuallaşır. Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun sözlərinə görə, Abşeron yarımadasında çoxillik intensiv neft hasilatı nəticəsində ətraf mühit güclü mənfi təsirlərə məruz qalmış, bir çox yerlərdə torpaq neftlə təhlükəli dərəcədə çirklənmişdir. Bununla yanaşı, yerli əhali tərəfindən təbii ehtiyatlara antropogen (insani) təsir - meşələrin qırılması, qoyunçuluğun inkişafı (bu da, öz növbəsində, Abşeron torpağını xeyli korlamışdır), oduncaq tədarükü və sairə - güclənmişdir . İndi hər hansı təcili tədbirlərlə bütün bunların qarşısını almaq qeyri-mümkündür.
Konfrans iştirakçıları üç işçi qrupunda yerli infrastrukturlar yaratmaq üçün qoruq zonalarında və yasaqlıqlarda təbiəti qorumaq sahəsində öncül istiqamətləri və tələbatları müzakirə etmişlər. Bildirilmişdir ki, Azərbaycanda ekoturizmi inkişaf etdirmək üçün, ilk növbədə, Qarabağ problemini sülh yolu ilə, özü də mümkün qədər tez həll etmək lazımdır.
Konfrans iştirakçıları son məqsədə - Azərbaycanın turizm marşrutlarının dünya turizm marşrutlarına inteqrasiyasına nail olmaq üçün öncül istiqamətləri göstərmişlər. Bunların arasında kənd yerlərində əhalinin məişət ehtiyaclarını təmin etmək üçün bərpa olunan enerji mənbələrinin tətbiqinin, milli peşələri inkişaf etydirməyin zəruriliyi qeyd olunmuşdur. Bu isə nəinki turistlər üçün maraqlıdır, həm də yerli ərazilərin sabit inkişafı üçün (yerli əhaliyə kömək göstərilməsi, milli ənənələrin qorunub saxlanması və s.) vacibdir. Gənclər, İdman və Turizm Nazirliyində bilavasitə ekoturizm məsələləri ilə məşğul olan şöbə yaradılmasının zəruriliyi də vurğulanmışdır.
Turizm biznesi üçün lazımi infrastrukturun, demək olar, tam yoxluğu ilə əlaqədar çoxşaxəli iş aparılmalıdır. Çox güman ki, ekoturizmin inkişafına dair milli strategiya da lazım olacaqdır.
Britaniya səfirliyinin iştirakı və Qərb Universitetinin dəstəyi ilə ATƏT-in təşkil etdiyi konfransın işində Milli Məclisin deputatı Asya Manafova, mədəniyyət, xarici işlər, iqtisadi inkişaf nazirliklərinin, Milli Elmlər Akademiyasının, ABŞ-ın Azərbaycandakı səfirliyinin, bir sıra beynəlxalq qurumların, yerli qeyri-hökumət təşkilatlarının nümayəndələri də iştirak etmişlər.