İDMAN
BEYNƏLXALQ GƏNCLƏR GÜNÜ MÜNASİBƏTİLƏ KEÇİRİLƏN TƏDBİRDƏ AKTUAL MƏSƏLƏLƏR MÜZAKİRƏ EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, avqustun 9-da Beynəlxalq Gənclər günü münasibətilə BMT-nin İctimai İnformasiya Departamenti (BMT İİD) Gənclər və İdman Nazirliyi ilə birgə Azərbaycanda Atatürk Mərkəzində “Azərbaycanın inkişafı naminə gənclər hərəkatı – bu gün və sabah” mövzusunda dəyirmi masa keçirmişdir.
Tədbirdə BMT İİD-nin Azərbaycandakı nümayəndəsi Envera Selimoviç, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Gənclər Parlamentinin spikeri Ceyhun Osmanlı və başqaları çıxış edərək, gəncləri əlamətdar gün münasibətilə təbrik etmişlər.
Natiqlər bildirmişlər ki, BMT Baş Məclisinin qərarı ilə hər il qeyd edilən 12 avqust – Beynəlxalq Gənclər günü gənclərin potensialını qiymətləndirmək, onların nailiyyətlərini təbliğ etmək və öz yaşıdları arasında dəyişikliklər naminə fəal hərəkata cəlb etməyin münasib yollarını axtarmaq baxımından olduqca əlverişlidır.
Qeyd edilmişdir ki, BMT-nin Baş katibi Pan Gi Mun Beynəlxalq Gənclər günü münasibətilə dünya gənclərinə müraciət etmişdir. Baş katibin müraciətində bu əlamətdar günün Yer kürəsində yaşayan 1 milyard 200 milyon gəncə lazımi diqqət göstərmək, onların nailiyyətlərini təbliğ etmək və cəmiyyət həyatının bütün sahələrində iştiraklarına təkan vermək üçün gözəl bir fürsət olduğu diqqətə çatdırılmışdır. Xüsusi olaraq qeyd edilmişdir ki, Baş katib gəncliyin qloballaşan dünyamıza yeni düşüncə və yaradıcı yanaşma gətirdiyini və Minilliyin İnkişaf Məqsədlərinə nail olmaqda onların iştirakına həmişəkindən daha çox ehtiyac duyulduğunu vurğulamışdır.
Tədbirdə Prezident İlham Əliyevin ölkə gənclərinin hərtərəfli inkişafı ilə bağlı imzaladığı sərəncam və dövlət proqramlarının əhəmiyyətindən, dövlət başçımız tərəfindən 2007-ci ilin “Gənclər ili” elan olunmasından, Azərbaycanda fəaliyyət göstərən 170-dən çox gənclər təşkilatlarının gördükləri işlərdən danışılmışdır.
Tədbirdə təhsil nazirinin müavini Elmar Qasımov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova iştirak etmişlər.