İDMAN
BEYNƏLXALQ GİMNASTİKA FEDERASİYASININ TEXNİKİ KOMİTƏSİNİN PREZİDENTİ BAKIYA GƏLİR
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, fəxri qonaqlar arasında BGF baş katibinin müavini Andre Qaysbüxler və TV əlaqələndiricisi Jan-Fransua Rosse, Özbəkistan və Türkiyə federasiyalarının prezidentləri Mükərrəm Əzimova və Atilla Örsel də var. Bakıdakı yarışa hakimlik edəcək BGF hakimlərindən İolanda Sap (Hollandiya), Paola Berardino (İtaliya), Terxi Tuavanen (Finlandiya), Vera Şatalina (Rusiya), Lyudmila Axlin (İsveç), İda Pereyra (Portuqaliya), İrina Berek (Macarıstan) və Tamara Bompa (Kanada) Afina olimpiadasında bədii gimnastika turnirinin hakimləri olacaqlar.
Dünya kuboku uğrunda yarışda 24 ölkənin 52 gimnastı mübarizə aparacaqdır. Dünya çempionu Alina Kabayeva və İrina Çaşina (Rusiya), Elizabet Paysiyeva (Bolqarıstan), Eleni Andriola (Yunanıstan), Aliyə Yusupova (Qazaxıstan), Almudena Sid (İspaniya) kimi adlı-sanlı gimnastlar Bakı yarışlarında iştirak edəcəklərini təsdiqləmişlər.
Dinara Gimatova, Anna Qurbanova, Vəfa Hüseynova, Valeriya Yeqay və Dina Qorinadan ibarət Azərbaycan komandası hazırda təlim-məşq toplanışlarını davam etdirir.