SİYASƏT


BEYNƏLXALQ HÜQUQ ƏMƏKDAŞLIĞI GENİŞLƏNİR

Ölkəmizin sıx əlaqələr yaratdığı nüfuzlu təşkilatlardan olan Beynəlxalq Prokurorlar Assosiasiyasının rəhbər orqanı – İcraiyyə Komitəsi iclasının bu ilin may ayında Bakı şəhərində keçirilməsi Azərbaycan Respublikasında aparılan məhkəmə-hüquq islahatının müsbət nəticələrinin beynəlxalq səviyyədə etiraf edilməsinin təzahürü olmuş, Bakı iclasında bir çox aktual məsələlərlə yanaşı Assosiasiyanın cari ilin sentyabr ayında Londonda keçiriləcək növbəti iclaslarının təşkilati məsələləri də müzakirə edilmişdir. 

Bu günlərdə Londonda 100-dək dövlətin prokurorluq və digər hüquq-mühafizə xidmətlərinin rəhbər şəxslərinin iştirakı ilə Beynəlxalq Prokurorlar Assosiasiyasının illik Konfransı və Ümumi yığıncağı, habelə təşkilatın İcraiyyə Komitəsinin iclası keçirilmişdir. Tədbirlərdə ölkəmizi Assosiasiyanın İcraiyyə Komitəsinin üzvü, ədliyyə naziri Fikrət Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etmişdir.

Narkotik vasitələrin, insanların və pulların qanunsuz dövriyyəsi və digər aktual məsələlərə həsr edilmiş illik Konfransda Azərbaycan ədliyyə nazirinin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə ölkəmizdə görülən işlər barədə bəyanatı yayılmış, tədbir iştirakçılarının diqqəti ərazimizin 20 faizinin Ermənistan hərbi birləşmələri tərəfindən işğal edilməsinə, əhalinin 1 milyona qədərinin qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə cəlb edilmiş, Azərbaycan hökumətinin və beynəlxalq təşkilatların nəzarətindən kənarda qalan işğal olunmuş ərazinin narkotik vasitələrin dövriyyəsi üçün tranzit rolu oynaması vurğulanmışdır.

Həmçinin, sentyabrın 11-də tarixdə Konfransın terrorçuluqla mübarizəyə həsr olunmuş xüsusi plenar sessiyası keçirilmiş, bu məsələ üzrə tədbir iştirakçıları arasında yayılmış Azərbaycan ədliyyə nazirinin bəyanatında ölkəmizin erməni terrorizmi ilə üz-üzə qalması, terrorçuluğa qarşı mübarizədə bütün bəşəriyyətin səylərinin birləşdirilməsinin vacibliyi qeyd edilmişdir.

Konfransda bir sıra mühüm qərarlar qəbul edilmiş, bütün iştirakçılar arasında yayılmış yekun rəsmi sənədlərdə Bakı iclasının yüksək səviyyədə təşkil olunması, xüsusilə ölkəmizin Prezidenti cənab Heydər Əliyevin tədbirə xüsusi diqqət yetirərək İcraiyyə Komitəsi üzvlərini salamlaması və şəxsən qəbul etməsi, cinayətkarlıqla mübarizə üzrə beynəlxalq əməkdaşlığa dair dəyərli tövsiyələr verməsi yüksək minnətdarlıq hissi ilə vurğulanmış, Azərbaycan xalqına dərin ehtiram bildirilmişdir.

Təşkilatın İcraiyyə Komitəsinin iclasında Beynəlxalq Prokurorlar Assosiasiyasının terrorizmlə mübarizəyə həsr ediləcək növbəti illik Konfransının Vaşinqtonda, İcraiyyə komitəsinin iclasının isə Fransanın Lion şəhərində keçirilməsi qərara alınmış, yeni dövlətlər üzvlüyə qəbul olunmuş, prokurorlar üçün hazırlanmış insan hüquqları ilə bağlı tədris vəsaiti müzakirə edilmişdir.

Səfər çərçivəsində İngiltərə məhkəmə-hüquq sistemi ilə tanış olunmuş, müxtəlif dövlətlərin hüquq-mühafizə xidmətlərinin rəhbərləri ilə görüş və danışıqlar keçirilmiş, təcrübə mübadiləsi aparılaraq, əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur. Həmçinin səfər zamanı mərkəzi qərargahı Londonda yerləşən Beynəlxalq Amnistiya Təşkilatının rəhbər işçiləri ilə səmərəli görüşlər keçirilmiş, Azərbaycanda aparılan mütərəqqi demokratik islahatlar, insan haqlarının müdafiəsi üzrə görülən işlər barədə ətraflı məlumat verilmiş və faydalı fikir mübadiləsi aparılmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.