SİYASƏT
BEYNƏLXALQ İCTİMAİYYƏT İŞĞALÇI ERMƏNİSTANA ÖZ SÖZÜNÜ DEMƏLİDİR
Bu fikri müdafiə naziri, general-polkovnik Səfər Əbiyev mayın 12-də Almaniyanın Federal Silahlı Qüvvələri Qərargahının hərbi siyasət və silahlara nəzarət idarəsi rəisinin müavini, briqada generalı Yürgen Bornemannın rəhbərliyi ilə bu ölkənin Müdafiə Nazirliyinin nümayəndə heyəti ilə görüşündə bildirmişdir.
Nazir Səfər Əbiyev qonaqları salamlayaraq, Azərbaycan-Almaniya hərbi əməkdaşlığının daha da möhkəmlənməsindən və konkretləşməsindən şad olduğunu bildirmiş, respublikamızın müstəqil dövlət və ordu quruculuğu, dünya və Avropa dövlətlərinə inteqrasiya, NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində əməkdaşlıq və digər sahələrdə əldə etdiyi uğurlar barədə məlumat vermişdir.
Səmimi qəbula görə nazirə təşəkkür edən briqada generalı Yürgen Bornemann Almaniyanın müdafiə nazirinin salamlarını azərbaycanlı həmkarına çatdırmışdır. O, səfərinin məqsədi barədə danışaraq bildirmişdir ki, niyyətimiz sizinlə hərbi-siyasi danışıqlar aparıb konkret bir nəticəyə gəlməkdir. Əməkdaşlığımız üçün baza mövcuddur.
Azərbaycanın Avropa dövlətləri, o cümlədən Almaniya ilə sıx əməkdaşlıq yaratmaq istədiyini və bunun bizim üçün əsas xətt olduğunu diqqətə çatdıran general-polkovnik Səfər Əbiyev hərbi qanunvericilik, kadr hazırlığı, alman dilinin öyrənilməsi, müdafiə sənayesi, humanitar, sülhyaratma əməliyyatları və digər sahələrdə əməkdaşlıq təklif etmişdir.
Söylənilən əməkdaşlıq sahələrinin onlar üçün də maraqlı olduğunu vurğulayan qonaq Cənubi Qafqaz regionu üzrə əməkdaşlıq sturukturunun yaradılmasını arzulamış, Almaniya tərəfinin hərbi-siyasi dialoq, təhsil və ekspertlər səviyyəsində mübadilə sahəsində əməkdaşlıq təklifini diqqətə çatdırmışdır.
Müdafiə naziri Səfər Əbiyev qonağın təklifinə münasibət bildirərək, Avropa qitəsindəki 4 milyon qaçqının bir milyonunun Azərbaycanda yaşadığını, buna bais olan və Azərbaycanın 20 faiz torpaqlarını işğal edən təcavüzkar Ermənistanın işğalçı olması barədə Avropa dövlətlərinin bu günə kimi qəti sözünü demədiyini vurğulamış və demişdir ki, biz regional əməkdaşlıq deyəndə Ermənistanla əməkdaşlığı nəzərdə tutmuruq. Nə qədər ki, Azərbaycan torpaqları işğal altındadır, Ermənistanla əməkdaşlıq haqqında söhbət ola bilməz. Beynəlxalq hüquq normaları bütün dövlətlərə aiddir. Beynəlxalq ictimaiyyət işğalçı Ermənistana öz sözünü deməlidir.
Azərbaycan-Almaniya hərbi əməkdaşlığı haqqında sənədin imzalanmasının zəruriliyi vurğulanan görüşdə Almaniyanın ölkəmizdəki səfiri Klaus Qrevlix iştirak etmişdir.