İQTİSADİYYAT
BEYNƏLXALQ KONFRANSDA AZƏRBAYCANDA KİÇİK VƏ ORTA SAHİBKARLIĞIN İNKİŞAFI MƏSƏLƏLƏRİNƏ TOXUNULACAQDIR
Layihə çərçivəsində BMT-nin Avropa üçün iqtisadi komissiyası Konrad Adenauer Fondunun Türkiyə nümayəndəliyi ilə birlikdə bu il oktyabrın 30-31-də İstanbul şəhərində “Cənubi Qafqazda kiçik və orta sahibkarlıq sektorunun inkişafı” mövzusunda konfrans keçirəcəkdir. Həmin konfransda Türkiyə, Azərbaycan, Gürcüstan və digər ölkələrin qeyri-hökumət təşkilatlarının nümayəndələri, iş adamları iştirak edəcəklər.
Konfransda Cənubi Qafqaz ölkələrində iqtisadi islahatlar, dövlət mülkiyyəti və özəlləşdirmə, özəl sektorun inkişafı, bank sektorunda islahatlar, kiçik və orta sahibkarlığın iqtisadiyyatın inkişafında rolu və digər məsələlər müzakirə ediləcəkdir.
Konfransda Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Ələkbər Məmmədov sahibkarlığın inkişafı sahəsində ölkəmizdə görülən işlərdən danışacaq, kiçik və orta sahibkarlıq sektorunun inkişafına yönəldilmiş layihə təqdim edəcəkdir.