MƏDƏNİYYƏT
BEYNƏLXALQ MUZEYLƏR GÜNÜNƏ HƏSR OLUNMUŞDUR
Mayın 18-də - Beynəlxalq muzeylər günü Cəlil Məmmədquluzadənin ev-muzeyində Mirzə Ələkbər Sabirin anadan olmasının 140 illiyinə həsr edilmiş tədbir keçirilmişdir. Tədbirin iştirakçıları əvvəlcə muzeyin fondlarında saxlanılan və müxtəlif illərdə nəşr olunmuş “Hop-hopnamə”nin nüsxələrindən, Sabirin “Molla Nəsrəddin” jurnalında dərc edilmiş şerlərindən, şair haqqında tədqiqat əsərlərindən, Əzim Əzimzadənin, Nəcəfqulunun, Arif Hüseynovun “Hop-hopnamə”yə çəkdikləri illüstrasiyalardan ibarət sərgi ilə tanış oldular.
Sonra məktəblilərə ədibin həyat və yaradıcılığı, Cəlil Məmmədquluzadə və onun yaratdığı “Molla Nəsrəddin” jurnalı ilə əlaqələri, milli ənənəvi sərvətlərimizin toplanması, mühafizəsi və təbliği sahəsində muzeylərimizin rolu barədə məlumat verildi.
Bakı şəhərindəki 199 nömrəli məktəbin şagirdlərinin M.Ə.Sabirin şerləri əsasında hazırladıqları ədəbi kompozisiya maraqla qarşılandı.
X X X
Beynəlxalq muzeylər günü münasibətilə xalq şairi Səməd Vurğunun ev-muzeyində də tədbir keçirilmişdir. Muzeyin şöbə müdiri Səidə Babayeva çıxış edərək, əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik etdi.
Sonra Nəsimi rayonundakı Texniki-Humanitar Litseyin şagirdləri xalq şairinin şer və poemalarından nümunələr söylədilər və sözlərinə yazılmış mahnıları ifa etdilər, “Vaqif” dramından parçalar göstərdilər.
Tədbir muzeylə tanışlıqla başa çatdı.