SİYASƏT
BEYNƏLXALQ TƏHLÜKƏSİZLİYİN QORUNMASI İŞİNDƏ AZƏRBAYCANIN ROLU YÜKSƏK QİYMƏTLƏNDİRİLİR
Martın 24-də Azərbaycanın xarici işlər naziri Vilayət Quliyev Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunması üzrə Müqavilə Təşkilatının (NSHQOMT) icraçı katibi Volfqanq Hoffmannla görüşmüşdür.
Nazirliyin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, qonağı salamlayan nazir Vilayət Quliyev bu səfərin ölkəmizin NSHQOMT-ı ilə əməkdaşlığının inkişafı üçün faydalı olacağına ümid etdiyini bildirmişdir. Nazir kütləvi qırğın silahlarının, o cümlədən nüvə sınaqlarının hərtərəfli qadağan olunmasını Azərbaycan dövlətinin dəstəklədiyini və bu istiqamətdə səylərin davam etdiriləcəyini diqqətə çatdırmışdır.
NSHQOMT-in icraçı katibi Volfqanq Hoffmann beynəlxalq təhlükəsizliyin qorunması işində Azərbaycan dövlətinin mövqeyini yüksək qiymətləndirmiş, Cənubi Qafqazda regional və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini vurğulamışdır.
Görüş zamanı qonaq martın 25-27-də Bakıda keçiriləcək “Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunması üzrə Müqavilə Təşkilatının Mərkəzi Asiya və Qafqazdan olan üzv ölkələr ilə beynəlxalq əməkdaşlığı”na dair seminar haqqında nazirə məlumat vermişdir.
Sonra ölkəmizin xarici siyasət idarəsinin başçısı Ermənistan-Azərbaycan, Dağliq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan işlər, ATƏT-in Minsk qrupunun bu istiqamətdə fəaliyyəti və Azərbaycan qaçqınlarının ağır vəziyyəti barədə qonağa ətraflı məlumat vermişdir.
Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə olunmuşdur.