DÜNYA
BEYNƏLXALQ TERRORİZMLƏ MÜBARİZƏ ƏN ÖNƏMLİ MƏSƏLƏDİR
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir ki, Avropada beynəlxalq terrorizmlə mübarizə məsələsinin müzakirəsi zamanı çıxış etmiş və ölkəmizin bu məsələyə münasibətini açıqlamışdır. O bildirmişdir ki, bu məsələnin müzakirəsi Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Çünki vaxtilə Azərbaycan bir neçə dəfə ermənilərin terroruna məruz qalmışdır. Terror aktları nəticəsində iki mindən artıq günahsız azərbaycanlı məhv olmuşdur. Buna görə də ABŞ-da minlərlə dinc adamın ölümünə səbəb olmuş terror aktlarını pisləyən və beynəlxalq terrorizmlə mübarizəyə dəstək verən ilk ölkələrdən biri məhz Azərbaycan olmuşdur.
Deputat komitə üzvlərinin diqqətini Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və ona bitişik ərazilərində xüsusi düşərgələrin fəaliyyət göstərdiyini və həmin düşərgələrdə terrorçuların hazırlandığına yönəltmiş və qeyd etmişdir ki, Azərbaycan nümayəndə heyəti dəfələrlə bu barədə məsələ qaldırsa da hələlik məsələ öz həllini tapmamış, terror dəstələrinin hazırlanmasında xüsusi marağı olan, onları dəstəkləyən Ermənistan barəsində ciddi tədbirlərə əl atılmamışdır. Azərbaycanlı deputatın çıxışı maraqla qarşılanmışdır. Bu məsələ ilə bağlı çıxış edən komitə üzvləri onunla həmrəy olduqlarını bəyan etmişlər.
Avropa Şurası ilə BMT-nin əlaqələrinin daha da inkişafı məsələsindən danışmış deputatlar bunun müsbət əhəmiyyətini qeyd etmişlər.