CƏMİYYƏT


Qeyri-infeksion xəstəliklərlə əlaqədar vəziyyəti öyrənmək üçün ölkəmizdə sorğu aparılacaq

Bakı, 17 avqust, AZƏRTAC

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında sorğunun keçirilməsi ilə bağlı təlim təşkil edilib.

İSİM-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, təlim ölkəmizdə qeyri-infeksion xəstəliklərin (QİX) risk amillərinin öyrənilməsinə dair aparılacaq tədqiqatla bağlı mütəxəssis hazırlamaq üçün nəzərdə tutulur. ÜST-nin ekspertlərinin iştirakı ilə aparılacaq təlim həm nəzəri, həm də praktiki məşğələlərdən ibarət olacaq. Təlim zamanı onlar sorğunu aparacaq müsahibəçilərə və İSİM-in işçi qrupuna STEPS-in üç mərhələdə həyata keçirilmə qaydaları, ev təsərrüfatları və respondentlərin seçilməsi, STEPS sorğu alətləri haqqında məlumat veriləcək. ÜST-nin yardımı ilə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin keçirəcəyi sorğu bu il avqustun axırlarından oktyabrın ortalarınadək aparılacaq.

Qeyd edək ki, həmin sorğu indiyədək 104 ölkədə keçirilib. Azərbaycanda bu sahədə ilk araşdırma 2011-ci ildə Dünya Bankının maliyyə dəstəyi ilə Səhiyyə Nazirliyinin Səhiyyə Sektorunda İslahatlar Layihəsinin (SSİL), Ümumdünya Səhiyyə Təşkilatının və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin birgə əməkdaşlığı ilə “Azərbaycanda xroniki qeyri-infeksion xəstəliklərin risk amilləri üzrə milli araşdırma” adı altında aparılıb.

STEPS sorğusu əhalinin tibbi xidmətinin yaxşılaşdırılması və sağlamlığının qorunması üçün bu ildən etibarən ölkəmizdə Səhiyyə Nazirliyinin 2016-cı il 7 mart tarixli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiyanın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Fəaliyyət Planı”nın həyata keçirilməsi barədə əmrinə əsasən müntəzəm olaraq keçiriləcək. Sorğunun aparılması ölkə əhalisi arasında qeyri-infeksion xəstəliklərlə əlaqədar vəziyyəti və respondentlərin ümumi sağlamlıq durumunun araşdırılması baxımından mühüm əhəmiyyət kəsb edəcək. Əldə edilən məlumatlar əhalinin sağlamlığının hazırkı vəziyyəti barədə ümumi təsəvvürün formalaşmasına və gələcək istiqamətlərin müəyyənləşdirilməsinə yardım göstərəcək.

Dövlət Statistika Komitəsi sorğuda iştirak etmək üçün 9 iqtisadi zona üzrə 240 klasterdən ümumi hesabla 2881 ev təsərrüfatı seçib.

Respondentlərə sosial-demoqrafik, qidalanma, alkoqolun və tütünün istifadəsi və fiziki aktivlik haqqında suallar təqdim olunacaq və proses planşetlər vasitəsilə elektron formatda aparılacaq. İştirakçıların fiziki göstəriciləri (boy, çəki, qarının dairəvi ölçüsü, ombanın dairəvi ölçüsü, qan təzyiqinin və nəbzin ölçülməsi) təyin olunacaq. Tədqiqatın son mərhələsində isə biokimyəvi nümunələrin analizi aparılacaq. Respondentlərdən analiz üçün qan (qanda şəkərin və lipidlərin miqdarını öyrənmək məqsədilə) və sidik nümunəsi (sidikdə sodium və kreatinin miqdarını öyrənmək məqsədilə) götürüləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.