İQTİSADİYYAT
BİBİHEYBƏT ZONASINDA EKOLOJİ VƏZİYYƏTİN YAXŞILAŞDIRILMASI ÜÇÜN MÜHÜM İŞLƏR GÖRÜLÜR
Dövlət Neft Şirkətindən (DNŞ) AZƏRTAC-a bildirmişlər ki, DNŞ Prezident İlham Əliyevin 2006-cı il sentyabrın 28-də imzaladığı Sərəncamla təsdiq olunmuş 'Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı'na uyğun olaraq ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində mühüm işlər görür, ekoloji tarazlığın bərpası məqsədilə genişmiqyaslı tədbirlər həyata keçirir.
İlin əvvəlindən başlayaraq ekologiya idarəsi tərəfindən Bibiheybət mədən sahəsində çoxsaylı ekoloji problemlərin aradan qaldırılması, rekultivasiya və reabilitasiya layihələrinə start verilmişdir. Rekultivasiya və reabilitasiya işlərinin planlaşdırılması, problemlərin operativ həll edilməsi üçün hər ay DNŞ rəhbərliyinin iştirakı ilə Bibiheybətdə müşavirə keçirilir, hesabatlar dinlənir və tapşırıqlar müəyyənləşdirilir. 526 hektar ərazini əhatə edən Bibiheybət mədən sahəsində neftlə çirklənmiş torpaqların və neftli tullantıların təmizlənməsi üçün beynəlxalq standartlara və müasir normalara cavab verən texnologiyalardan istifadə edilməklə bir sıra tədbirlər həyata keçirilir.
Hazırda bütün Bibiheybət zonası üzrə ekologiya idarəsinin ekoloji tədqiqatlar ekspedisiyasının əməkdaşları tərəfindən monitorinqlər aparılır. Monitorinq qrupu tərəfindən götürülmüş nümunələr idarənin kompleks tədqiqatlar laboratoriyasında analiz edilərək mövcud vəziyyəti əks etdirən hesabatlar hazırlanır. Bibiheybət zonasının təmizlənməsi paralel olaraq şimaldan və cənubdan aparılır. Bibiheybətin şimal hissəsindəki 8,16 və 11,75 hektar sahələrdə işlər artıq başa çatmaq üzrədir. Sahənin yaşıllaşdırılması və remediasiya işlərinin davamlı aparılması üçün yüngül konstruksiyalardan istifadə edilməklə mühafizə hasarı çəkilir. Sahədə lay suları,məişət-çirkab və kanalizasiya suları qarışığının axıdılması üçün 930 metr uzunluğunda qapalı kanal tikilmişdir. Bundan əlavə, sahədə 300 metrlik kanalın tikintisi də başa çatmaq üzrədir. Bu sahəyə bitişik 10,65 hektar ərazidə rekultivasiya işlərinin aparılması üçün layihə smeta sənədləri hazırlanır.
Paralel olaraq Bibiheybətin cənub hissəsində 62,14 hektar sahədə rekultivasiya işlərinə başlanılmışdır. Sahədə olan gölməçələr xüsusi texnika vasitəsi ilə çıxarılır və utilizasiya edilr. Gölməçələrin dibində neft şlamları ekskavatorla maşınlara yüklənərək torpaq təmizləmə sexinə daşınır və burada yuyulduqdan sonra təkrar sahəyə daşınır.
Bibiheybət mədən sahəsində DNŞ-nin müxtəlif idarələri tərəfindən bütövlükdə bərpa proqramı həyata keçirilir. Neft qüllələri sökülür, quyuların qapalı sistemə keçidi üçün texnoloji boru kəmərlərinin və tutumlarının tikintisi, köhnə mühəndis-kommunikasiya sistemlərinin sökülməsi və yenidən qurulması, ləğv olunmuş quyuların standartlara uyğun konservasiyası, gölməçələrin qurudulması, mexaniki və bioloji rekultivasiya işləri, mədəndaxili yolların təmiri və digər işlər kompleks şəkildə, planlı olaraq həyata keçirilir.
Yaxın günlərdə layihə-smeta sənədləri hazırlandıqdan sonra Bibiheybət zonasında daha 79,71 hektar sahədə işlərə start veriləcəkdir.