İDMAN


BİNƏQƏDİ QƏSƏBƏSİNDƏ YENİ İDMAN-SAĞLAMLIQ KOMPLEKSİ İSTİFADƏYƏ VERİLMİŞDİR

AZƏRTAC xəbər verir ki, dekabrın 23-də Binəqədi qəsəbəsində yeni idman-sağlamlıq kompleksinin istifadəyə verilməsi ilə əlaqədar mərasim keçirilmişdir.

Üç hektar sahəni əhatə edən kompleks daş hasarla əhatə olunmuşdur. Burada iki müxtəlif ölçülü stadion, örtülü idman zalı yaradılmışdır. Böyük stadionun kənarında qaçış üçün sahə düzəldilmişdir. Stadionlar çəmənliklə örtülmüş, ərazidə yüzlərlə qiymətli həmişəyaşıl ağac və bəzək kolları əkilmişdir. 1200 kvadratmetr sahəni əhatə edən örtülü zalda idmançılar üçün hər cür şərait vardır. Burada 350 nəfərlik oturacaq da quraşdırılmışdır. İkinci mərtəbədə müdiriyyət üçün iş şəraiti yaradılmış, eləcə də qonaq və tibb otaqları düzəldilmişdir.

İdman kompleksinin yerləşdiyi ərazi əvvəllər çirkab su yığınağı olmuşdur. Tikinti-quraşdırma işləri iki il müddətinə başa çatdırılmışdır. Qəsəbə bələdiyyəsinin maliyyə vəsaiti hesabına həyata keçirilən işlərdə 200 nəfərdən artıq adam çalışmışdır. Kompleks xeyli çökəklikdə yerləşdiyindən ərazidə kanalizasiya sistemi quraşdırılmışdır ki, bu da axıntı və yağış suların sahəyə toplanmasının qarşısını alacaqdır.

Açılış mərasimində çıxış edən gənclər, idman və turizm naziri Əbülfəs Qarayev, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev və başqaları son illər ölkəmizdə həyata keçirilən quruculuq işlərindən danışmışlar. Qeyd olunmuşdur ki, ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmiz sürətlə inkişaf edir, insanların həyat səviyyəsi yaxşılaşır, dövlətimiz qüdrətlənir. Bütün bu amillər Azərbaycanın hər yerində böyük quruculuq işlərinə geniş imkanlar yaradır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.