ELM VƏ TƏHSİL
BİNƏQƏDİ RAYONUNDA TƏLƏBƏLƏRLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 12-də Binəqədi Rayon İcra Hakimiyyətində respublikanın ali məktəblərinə qəbul imtahanlarında yüksək bal toplamış tələbələrlə keçirilmiş görüş onların yaddaşından uzun müddət silinməyəcəkdir.
Əvvəlcə Heydər Əliyev Fondunun “Təhsilə dəstək” layihəsi çərçivəsində rayonun aztəminatlı ailələrindən olan birinci sinif şagirdlərinə çanta və dərs ləvazimatı paylanılmışdır.
Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin rayon icra hakimiyyəti binasının foyesində qoyulmuş büstü önünə tər güllər düzmüşlər.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev geniş hesabat məruzəsi ilə çıxış etmişdir. Qeyd olunmuşdur ki, bu il rayonun 83 nömrəli məktəb-liseyi “Ən yaxşı ümumtəhsil məktəbi”, 6 fənn müəllimi isə “Ən yaxşı müəllim” müsabiqələrinin qalibi olmuş, bir çox şagird fənn olimpiadalarında uğur qazanmışdır.
Bildirilmişdir ki, 2007/2008-ci tədris ilində rayonun 32 orta məktəbini bitirmiş məzunların 1353 nəfəri cari ildə ali məktəblərə daxil olmuşdur. Bu da keçən illə müqayisədə 15 nəfər çoxdur. Ali məktəblərə qəbul imtahanları zamanı 22 abituriyent 650-dən artıq, 93 məzun 600-dən yuxarı, 355 nəfər isə 500-dən çox bal toplamışdır.
Son üç ildə rayonda 4 yeni orta məktəb binası inşa olunmuş, 13 məktəbdə əlavə tədris korpusları tikilmiş, 14 təhsil ocağı isə əsaslı təmir olunmuşdur.
Məruzədə məktəbəqədər müəssisələrin fəaliyyəti də təhlil edilmiş, təhsil sisteminin bu problemli sahəsində yaranmış vəziyyəti əsaslı şəkildə yaxşılaşdırmaq vəzifəsi qarşıya qoyulmuşdur.
Rayon icra hakimiyyətinin başçısı Alı Qocayev təhsil şöbəsinin fəaliyyətini yüksək qiymətləndirərək fəal təlim metodlarının tətbiqi, müstəqil iş vərdişlərinin inkişaf etdirilməsi ilə əlaqədar bir sıra təklif və tövsiyələrini vermişdir. Ölkədə peşə təhsili sisteminə münasibətin kökündən dəyişməsi, biliklərin qiymətləndirilməsi üçün yeni sistemin tətbiq edilməsi, kurrikulum islahatları və digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.
Tədbirdə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təhsilin inkişafı sahəsində müstəsna xidmətləri barədə xoş sözlər deyilmişdir. Qeyd edilmişdir ki, Fondun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində əsasən kənd yerlərində yüzlərlə məktəb binası tikilmiş və modernləşdirilmişdir.
Görüşün sonunda qəbul imtahanlarında yüksək nəticələr göstərmiş tələbələrə və müsabiqə qaliblərinə rayon icra hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələr təqdim edilmişdir.