ELM VƏ TƏHSİL
BİOLOJİ MÜXTƏLİFLİYƏ DAİR İKİNCİ MİLLİ SEMİNAR KEÇİRİLMİŞDİR
Tədbiri “Biomüxtəlifliyin strategiyası və fəaliyyət planı” layihəsinin milli əlaqələndiricisi Zeynal Əkbərov açaraq demişdir ki, seminar 1992-ci ildə 156 dövlət və Avropa Birliyi tərəfindən imzalanmış “Bioloji müxtəliflik haqqında Konvensiya”ya uyğun olaraq, BMT-nin İnkişaf Proqramı çərçivəsində kecirilir. Konvensiyanın respublikamızda həyata keçirilməsi üçün akademik Cəlal Əliyevin rəhbərliyi ilə ardıcıl və məqsədyönlü iş aparılır. Məqsəd Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər, Təhsil nazirliklərinin, digər komitə və baş idarələrin, elm mərkəzlərinin, elmi tədqiqat institutlarının və QHT nümayəndələrinin təklifləri əsasında Azərbaycanda biomüxtəliflik üzrə strategiyanın məqsəd və vəzifələrini müəyyənləşdirməkdir.
Qlobal Ekologiya Fondunun nümayəndəsi Qabriel Labbat fondun fəaliyyəti haqqında məlumat vermişdir.
Beynəlxalq Flora və Fauna Təşkilatı nümayəndələrinin apardıqları tədbirin gedişində irəli sürülən təkliflərin adıçəkilən Konvensiyaya uyğunluğu təhlil edilmiş, bioloji müxtəlifliyi qoruyub saxlamaq və artırmağın yolları araşdırılmışdır.