SİYASƏT
BİRGƏ ƏMƏKDAŞLIQ ÜÇÜN GENİŞ İMKANLAR VARDIR
Respublikanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Boqdan Naqaylo ilə görüşmüşdür.
Ombudsman aparatından AZƏRTAC-a bildirmişlər ki, görüşdə E.Süleymanova təsisatın yaranmasından, onun cəmiyyətdəki rolundan danışmış, qaçqınların hüquqlarının qorunması və bərpası üzrə görülən işləri diqqətə çatdırmışdır. O, qeyd etmişdir ki, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində 1 milyona qədər soydaşımız qaçqına və məcburi köçkünə çevrilmişdir. Təcavüzün davam etdiyi 15 il ərzində çadırlarda doğulmuş 20 min uşaq insan hüquqlarından məhrum olmuşdur. Ermənistan isə insan hüquqlarına dair beynəlxalq normaları və konvesiyaları kobud surətdə pozmaqda davam edir.
Cənab B.Naqaylo Azərbaycanda fəaliyyətə başladığı qısa müddətdə gördüyü işlər barədə məlumat vermişdir. O, insan hüquqları ilə məşğul olan çoxsaylı qurumlarla işgüzar əlaqələrdən söz açmış, ombudsman təsisatı ilə qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə birgə əməkdaşlıq üçün geniş imkanların olduğunu söyləmiş, təkliflərini açıqlamışdır.