İQTİSADİYYAT
BİRGƏ LAYİHƏ HƏYATA KEÇİRİLİR
“Avrasiya” fondunun nümayəndəliyində AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, layihənin birinci mərhələsində dəryaçaların vəziyyətinə, mühafizəsi və istifadəsinə dair son 10 ilə aid materiallar toplanıb araşdırılmışdır. İki dövlətin su ehtiyatlarının mühafizəsini və istifadəsini tənzimləyən qanunvericilik aktlarının və normativ aktların öyrənilməsinə xüsusi diqqət yetirilmişdir. Qeyd etmək lazımdır ki, Gürcüstanın təbiəti mühafizə qanununa görə, ölkə ərazisindəki su ehtiyatları dövlət mülkiyyətidir və ancaq istifadəyə verilir. Məlum olmuşdur ki, ölkəmizdə su ehtiyatlarının mühafizə və istifadəsinin dövlət tərəfindən idarə edilməsini yeddi təşkilat həyata keçirir.
Beləliklə, dəryaçaların mühafizəsini və istifadəsini yaxşılaşdırmaq üçün müəyyənləşdirilmiş tədbirləri həyata keçirməkdən ötrü azı bu yeddi idarədən razılıq alınmalıdır. Bu isə qarşıya çıxan problemlərin həllini çətinləşdirir. Nəticədə, yerlərdəki real vəziyyəti öyrənmək məqsədi ilə layihə çərçivəsində Gürcüstan və Azərbaycan ərazilərində birgə ekspedisiya təşkil edilmişdir. Ekspedisiya zamanı dəryaçaları çirkləndirən əsas mənbələr aşkar olunmuşdur. Bunlar, əsasən, ictimai yaşayış-iaşə (restoranlar, mehmanxanalar), enerji, turizm və təsərrüfat fəaliyyəti obyektləridir. Məsələn, Tbilisi dənizini (“Samqori” dəryaçası) ən çox özəl turizm və istirahət obyektləri çirkləndirir. Ölkənin başqa dəryaçalarında da bu sahədə vəziyyət qənaətbəxş deyildir. Mövcud kanalizasiya və su təchizatı sistemləri yeni müəssisə və obyektlərin ehtiyaclarını ödəmir. Su təchizatı və suvarma sistemləri üçün nəzərdə tutulan bir çox kommunikasiyalar və texniki qurğular sıradan çıxmışdır.
Şəmkir, Yenikənd, Varvara və Mingəçevir dəryaçalarına ekspedisiyaların nəticələri göstərir ki, belə problemlər Azərbaycanın dəryaçalarında da mövcuddur. Toplanmış və araşdırılmış materiallar əsasında gürcü və Azərbaycan dillərində iki kitabça nəşr edilmişdir. Burada Kür çayı hövzəsindəki dəryaçaların mühafizəsi və istifadəsi sahəsində mövcud problemlər işıqlandırılır.