ELM VƏ TƏHSİL
BİRİNCİ TÜRKOLOJİ QURULTAYIN 80 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ ELMİ-NƏZƏRİ KONFRANS KEÇİRİLMİŞDİR
Universitetin rektoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Abel Məhərrəmov çıxış edərək, xalqımızın ümummilli lideri, dahi siyasi və dövlət xadimi Heydər Əliyevin dilimizin, milli mənəvi dəyərlərimizin qorunmasına daim böyük önəm verdiyini bildirmiş, ulu öndərimizin nurlu ideyalarının Prezident İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini vurğulamışdır.
Rektor dövlətimizin başçısının “Birinci Türkoloji Qurultayın 80 illik yubileyi haqqında” 2005-ci il 9 noyabr tarixli Sərəncamının əhəmiyyətindən danışmışdır.
Natiq bildirmişdir ki, 1926-cı ildə keçirilən Birinci Türkoloji Qurultayda türk dillərinin əlifba və terminologiyası məsələləri mühüm yer tutmuş, latın əlifbasına keçilməsini təmin etmək əsas məqsəd olmuşdur.
Sonra təhsil nazirinin müavini, professor İradə Hüseynovanın “Birinci Türkoloji Qurultay və onun Azərbaycan xalqının mədəni inkişafında rolu”, AMEA-nın müxbir üzvü Tofiq Hacıyevin “Birinci Türkoloji Qurultayda dil məsələləri”, professor Pənah Xəlilovun “Birinci Türkoloji Qurultayda türk xalqlarının ədəbiyyatı məsələləri” mövzularında məruzələri dinlənilmişdir.
Natiqlər türk xalqlarının tarixinə, mədəniyyətinə, etnoqrafiyasına, dil və ədəbiyyatına dair məruzələrin dinlənildiyi, mühüm qərarların qəbul olunduğu həmin qurultaydan sonra ölkəmizdə latın qrafikasına keçid və dilimizlə bağlı imzalanmış digər sənədlərin tarixi əhəmiyyətindən bəhs etmişlər.
Sonra konfrans bölmə iclaslarında işini davam etdirmişdir.