MƏDƏNİYYƏT
BİRİNCİ XƏZƏR CAZ VƏ BLÜZ FESTVALI ÇƏRÇİVƏSİNDƏ KONSERT
Bakıda keçirilən birinci Xəzər caz və blüz festivalı çərçivəsində Respublika sarayında konsert olmuşdur. Festvalın təşkilatçıları Azərbaycan Mədəniyyət Nazirliyi, ABŞ-ın Bakıdakı səfirliyi və “Amerikanın səsi” təşkilatıdır. Onun sponsorları sırasına xarici neft şirkətləri, “Koka-Kola”, “Baksell”, banklar və bir çox iri müəssisələr daxildir.
Mədəniyyət nazirinin müavini Sevda Məmmədova konsert başlanmazdan əvvəl çıxış edərək vurğulamışdır ki, Azərbaycanda caz musiqisi ənənələri həmişə güclü olmuşdur. Görkəmli Azərbaycan bəstəkarı Tofiq Quliyevin və öz yaradıcılığında muğam, ənənəvi Azərbaycan musiqisi və klassik caz elementlərini məharətlə birləşdirən mahir ifaçı və improvizator Vaqif Mustafazadənin adları bütün dünyada məşhurdur.
Konsertin iştirakçılarını ABŞ-ın ölkəmizdəki səfiri Ross Uilson da salamlamışdır.
Tanınmış Azərbaycan, Amerika və Avropa caz ifaçıları konsertdə öz kompozisiyalarını səsləndirmişlər.