BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİNDƏ XOCALI SOYQIRIMI QURBANLARININ XATİRƏSİ ANILMIŞDIR
AzerTAg.az
Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, fevralın 25-də səfirlik XX əsrin ən dəhşətli soyqırımlarından olan Xocalı faciəsinin 14-cü ildönümü ilə bağlı toplantı keçirmişdir.
Tədbirdə ölkəmizin müstəqilliyi uğrunda gedən döyüşlərdə canlarını qurban vermiş Vətən övladlarının və soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Səfir Eldar Səlimov Xocalı faciəsi haqqında, Ermənistan silahlı qüvvələri tərəfindən xalqımıza qarşı törədilmiş cinayət və vəhşiliklər barədə ətraflı məlumat vermişdir.
Sonra Xocalı soyqırımına həsr olunmuş “Məhv edilmiş şəhər” sənədli filmi göstərilmiş və tədbirin iştirakçılarına faciə ilə bağlı jurnallar təqdim edilmişdir.
Səfirlik Xocalı soyqırımı ilə əlaqədar ərəb və ingilis dillərində hazırladığı məlumatı, eləcə də Azərbaycan Xarici İşlər Nazirliyində (XİN) çap olunmuş “Diplomatiya aləmi” jurnallarının faciə ilə bağlı xüsusi buraxılışlarını BƏƏ XİN-ə, diplomatik nümayəndəliklərə və kütləvi informasiya vasitələrinə göndərmişdir.
Xəbərin mətnində orfoqrafik səhv var