SİYASƏT


BİRLƏŞMİŞ MİLLƏTLƏR TƏŞKİLATININ TƏHLÜKƏSİZLİK ŞURASINA BİRLƏŞMİŞ MİLLƏTLƏR TƏŞKİLATI İNSAN HÜQUQLARININ MÜDAFİƏSİ TƏŞKİLATINA
AVROPA ŞURASININ İNSAN HAQLARI KOMİTƏSİNƏ KƏLBƏCƏR RAYON İCTİMAİYYƏTİ NÜMAYƏNDƏLƏRİNİN MÜRACİƏTİ

Bugünkü anma mərasiminin iştirakçıları bildirirlər ki, erməni hərbi birləşmələri tərəfindən Kəlbəcərin işğalından on il keçir. Azərbaycan torpaqlarına göz dikən ermənilər öz havadarlarının köməyi ilə 200 ildən çoxdur ki, əllərinə fürsət düşən kimi xalqımıza qarşı dəhşətli soyqırımlar törətmiş, etnik təmizləmələr aparmış, bizim əzəli və əbədi torpaqlarımız hesabına “Böyük Ermənistan” yaratmaq planlarını mərhələ-mərhələ həyata keçirməyə cəhd göstərmişlər. 1993-cü ilin mart ayının sonları – aprel ayının əvvəllərində Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcərin işğal olunması azərbaycanlılara qarşı soyqırımı siyasətinin davamıdır. 

Dağlıq Qarabağda yaşayan separatçı ermənilər 1988-ci ilin fevralından başlayaraq Qorbaçov rejiminin himayəsi, Ermənistanın təhriki ilə Azərbaycanın əzəli və əbədi torpağı olan Dağlıq Qarabağı ölkəmizdən qopararaq Ermənistana birləşdirmək məqsədi ilə qiyam qaldırdılar.

1988-ci ilin fevralından 1993-cü ilin mart ayınadək olan beş il ərzində Kəlbəcər rayonu, onun 52 min nəfər əhalisi ermənilərin blokadası şəraitində yaşayırdı. Azərbaycanın Ermənistanla sərhədlərini erməni təcavüzündən qoruyurdu, bir qarış torpağın düşmən əlinə keçməsinə imkan vermirdi.

Kəlbəcərin əhalisini öz ata-baba yurdundan qovub çıxarmaq üçün ermənilər hər cür vasitələrə, vəhşiliklərə əl atır, pusqular qurur, yolları minalayır, körpüləri, elektrik və rabitə xətlərini partladıb sıradan çıxarırdılar. 1990-cı ildən etibarən Yevlax-İstisu avtomobil yolunu tamamilə bağlamışdılar. Nəticədə rayon blokada vəziyyətinə düşmüşdü. Kəlbəcərin respublikaya çıxışı yalnız dəniz səviyyəsindən 3800 metr yüksəklikdə olan Murovdağdan və Laçın istiqamətindən Yelligədik dağ aşırımından keçən və rayon əhalisinin öz gücü ilə çəkilən avtomobil yollarının ümidinə qalmışdı. Qış aylarında həmin yolları qar basırdı və rayona gediş-gəliş tamamilə kəsilirdi. Rayona ancaq vertolyotla gedib-gəlmək mümkün idi. Ermənilərin vertolyotları atəşə tutması nəticəsində 1989-cu ilin noyabr ayından hava yolu ilə də əlaqə kəsilmişdi. Bütün bu çətinliklərə, ağır blokada şəraitinə baxmayaraq, heç bir kəlbəcərli öz ata-baba yurdunu tərk etməmişdi, öz gücü, qüvvəsi və imkanları ilə düşmən hücumlarını mərdliklə dəf edir, yaşayırdı.

Blokadada olan əhali içərisində vahimə yaratmaq, onları öz ev-eşiklərindən didərgin salmaq məqsədilə dəhşətli Xocalı soyqırımının davamı olaraq 1992-ci il aprel ayının 7-dən 8-nə keçən gecə erməni faşistlər Kəlbəcərin 130 evdən ibarət olan Ağdaban kəndini tamamilə yandıraraq, yerlə-yeksan etdilər. Kənddə yaşayan 779 nəfər dinc əhaliyə qanlı divan tutuldu. 62 nəfər mülki şəxs qətlə yetirildi. Onlardan 8 nəfəri 90-100 yaşlı qoca, 2 nəfəri uşaq, 7-si qadın idi. Kəndin əhalisindən 5 nəfərini erməni qəsbkarlar girov apardı, 2 nəfəri itkin düşdü. 12 nəfərinə ağır bədən xəsarəti yetirildi. Özlərini dünyada əzabkeş, məzlum xalq kimi tanıtmağa çalışan ermənilərin dinc əhaliyə qarşı törətdikləri qəddarlığın və vəhşiliyin həddi-hüdudu yox idi. Heç kimə və heç nəyə yazığı gəlməyən ermənilər 4 nəfər qoca qadın və kişini diri-diri odda yandırdılar. Onlar Ağdaban kəndini tərk edərkən əhaliyə məxsus bütün qiymətli əşyaları, mal-qaranı qarət edib aparmışdılar.

Bütün bu dəhşətli soyqırımına görə Dağlıq Qarabağın indiki liderləri və əvvəlki başçıları, hazırda Ermənistana rəhbərlik edənlər, əminik ki, vaxt gələcək Azərbaycanın ədalət məhkəməsi, Beynəlxalq Məhkəmə qarşısında hərbi canilər kimi öz çirkin əməllərinə görə cavab verməli olacaqlar.

1993-cü ilin mart ayının sonu – aprel ayının əvvəllərində Ermənistan silahlı qüvvələri Azərbaycanın Qala qapısı olan Kəlbəcərə qarşı açıq hərbi təcavüzə və genişmiqyaslı hücumlara başladılar. Qısa vaxt ərzində 52 min nəfərdən çox əhali düşmən təcavüzü nəticəsində öz ata-baba yurdundan zorla didərgin salındı.

1936 kvadratkilometr ərazisi, 52 min nəfərdən çox əhalisi olan Kəlbəcər rayonu, o cümlədən 10 min nəfər əhalisi olan Kəlbəcər şəhəri, dünya şöhrətli İstisu kurortu, 129 kənd işğal olundu. Rayondakı 500-dən çox sənaye, tikinti, ticarət, ictimai-iaşə, məişət xidməti obyektləri, 96 ümumtəhsil məktəbi, 48 klub, 124 kitabxana, 12 mədəniyyət evi, 12 xəstəxana, 56 feldşer-mama məntəqəsi, 8 həkim ambulatoriyası, 13000 yaşayış binası, 54 kolxoz-sovxoz qarət edilərək sərvətləri Ermənistana aparıldı. Rayon əhalisinin şəxsi təsərrüfatında olan 100 min baş qaramal, 500 min baş davar, 5 min at, 1 milyon ev quşu, 50 min arı ailəsi, 1300 ədəd müxtəlif markalı minik maşını, 59 min dəst mebel, 26 min ədəd məişət əşyası düşmən əlinə keçdi.

Ümumiyyətlə erməni təcavüzü nəticəsində dövlətə və əhaliyə 1961-ci il qiymətləri ilə 761 milyon ABŞ dolları məbləğində maddi ziyan dəymişdir.

Kəlbəcərin işğalı nəticəsində 220 mülkü vətəndaş qətlə yetirilmiş, 321 nəfər itkin düşmüş və ya girov aparılmış, ümumiyyətlə rayon üzrə 511 nəfər şəhid olmuşdur. Bunlardan 265 nəfər hərbçi, 246 nəfəri mülki vətəndaşdır. İtkin düşmüş 125 nəfər mülki vətəndaşdan 6 nəfəri uşaqdır. Onlardan indiyədək xəbər-ətər yoxdur.

1993-cü il aprel ayının 6-7-də Ermənistan silahlı qüvvələrinin Vardenis (Basarkeçər) rayonunda yerləşən baş qərargahından Kəlbəcəri işğal etmiş erməni silahlı qüvvələrinin bütün komandirlərinə təcili əmr verilmişdir ki, Kəlbəcərdən əsir və girov götürülmüş adamları, o cümlədən qocaları, qadınları və uşaqları dərhal məhv edib torpağa basdırsınlar. Bununla onlar azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri o vaxt döyüş bölgəsinə gəlmiş beynəlxalq nümayəndə heyətindən və jurnalistlərdən gizlətməyə çalışırdılar.

Ermənilərin bu qanlı əməlləri, vəhşilikləri, azərbaycanlılara qarşı törətdikləri dəhşətli cinayətlər heç vaxt unudulmayacaq, xalqımızın qan yaddaşından silinməyəcək, tariximizə qanlı səhifə kimi daxil olacaqdır. Biz əminik ki, bu dəhşətli faciəyə bais olanlar, murdar əlləri xalqımızın qanına bulaşmış hərbi canilər, qondarma “Dağlıq Qarabağ respublikası”nın və Ermənistanın o vaxtkı və indiki rəhbərləri tarix qarşısında, bəşəriyyət qarşısında cavab verməli olacaqlar.

Bugünkü anma mərasiminin iştirakçıları respublikanın 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində müvəqqəti sığınacaq tapmış və erməni təcavüzü nəticəsində adi insani haqlarını itirmiş 59 min əhali adından BMT-nin Təhlükəsizlik Şurasından, BMT-nin İnsan Hüquqlarının Müdafiəsi Təşkilatından və Avropa Şurasının İnsan Haqları Komitəsindən xahiş və tələb edir ki, Kəlbəcərin işğalı ilə əlaqədar BMT Təhlükəsizlik Şurası özünün 822 saylı və Azərbaycanın digər bölgələrinin işğalı ilə əlaqədar qəbul etdiyi 853, 874 və 884 saylı qətnamələrinin təcavüzkar və işğalçı Ermənistan Respublikası tərəfindən qeyd-şərtsiz yerinə yetirilməsini, işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsini təmin etsinlər. Silah gücünə didərgin salınmış məcburi köçkünlərin öz el-obalarına qayıtmalarına kömək etsinlər. Biz ümid edirik ki, haqq səsimiz nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən eşidiləcək və təcavüzkarlar, qəsbkarlar və torpaqlarımıza terror edənlər öz layiqli cəzalarına çatdırılacaqlar.

10 ildir doğma torpaq, Vətən itgisi, dözülməz məcburi köçkünlük həyatı biz kəlbəcərliləri sarsıda, əyə bilməmişdir. Əksinə, biz bütün məhrumiyyətlərə, çətinliklərə dözərək, tab gətirərək öz doğma el-obamıza qayıtmaq ümidi ilə yaşayıb işləyirik.

Biz Sizdən xahiş edirik, Qafqazda ən ağrılı və uzun sürən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsində Azərbaycan Prezidenti Heydər Əliyevə yaxından kömək göstərəsiniz, Azərbaycan xalqının tapdanmış haqqlarının müdafiəsinə qalxasınız, bizim öz torpaqlarımızda yaşamaq hüquqlarımızın təmin edilməsinə yardımçı olasınız.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.