Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

BİR SIRA KÜTLƏVİ İNFORMASİYA NƏŞRLƏRİNİN DÖVLƏT BÜDCƏSİNDƏN MALİYYƏLƏŞDİRİLMƏSİ MEXANİZMİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafını dəstəkləmək, onların maddi-texniki bazasını möhkəmləndirmək, jurnalistlərin peşəkarlığının artırılmasına şərait yaratmaq və bu sahədə digər tədbirlərin həyata keçirilməsinə davamlı olaraq yardım etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılmışdır. Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsində həmin Fonda vəsait ayrılmış və gələcək illərdə bu vəsaitin həcminin artırılması nəzərdə tutulur. Eyni zamanda, bir sıra qəzet və jurnalların nəşri üçün dövlət büdcəsindən birbaşa maliyyə vəsaiti ayrılır ki, bu da kütləvi informasiya vasitələrinin maliyyələşdirilməsi işində müəyyən qarışıqlıq yaradır.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradıldığını nəzərə alaraq və kütləvi informasiya vasitələrinin dövlət büdcəsindən maliyyələşdirilməsi mexanizmini təkmilləşdirmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:

1.1. 2010-cu ildən başlayaraq dövlət büdcəsindən maliyyələşən qəzet və jurnalların dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində kütləvi informasiya vasitələrinə dövlət yardımı ilə bağlı nəzərdə tutulan vəsait hesabına maliyyələşdirilməsi üçün müvafiq tədbirlər görsün;

1.2. qüvvədə olan qanunvericilik aktlarının bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.3. Azərbaycan Respublikası Nazirlər Kabineti və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bir ay müddətində bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

2. “Azərbaycan yazıçılarına dövlət qayğısının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 noyabr tarixli 643 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 5, maddə 425; 1999-cu il, № 12, maddə 694) qüvvədən düşmüş hesab edilsin.

3. “Uşaq mətbuatının büdcədən maliyyələşdirilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 1993-cü il 23 fevral tarixli 519 nömrəli Qərarının qüvvədən düşməsi məsələsinə baxılması Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 iyun 2009-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin